"Zəlzələ kimisi üçün faciədirsə də, bəziləri üçün fürsətdir, girəvədir. İran və Ermənistan da fürsətçi ölkə kimi imici qazanmaları ilə, hər an arxadan namərdcəsinə zərbə vurmağa hazır olmaları ilə tanınır. Biz son günlər mətbutda İran və Ermənistanın Qubadlı və Laçın istiqamətindən Azərbaycana qarşı hərbi təxribat hazırladıqlarına dair məlumatların yayılmasına da ilk növbədə bu prizmadan yanaşmalıyıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, SEPAH-ın Azərbaycan dilində danışa bilən 27 diversantının sözügedən təxribat-hücum əməliyyatına cəlb olunması və onların hazırda Qərbi Zəngəzurda hücuma hazır vəziyyətdə saxlanılması barədə deyilənlər prinsipcə real görünür:
"İran və Ermənistan hazırda Türkiyənin başının zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasına qarışmasından istifadə edib Qubadlı və Laçın istiqamətindən həqiqətən də ölkəmizə qarşı hərbi təxribatı törədə bilərlər.
Biz bu barədə yayılan məlumatlara şayiə kimi yox, tam ciddi yanaşmalıyıq. Çünki Ermənistan-Fransa və Ermənistan-İran cütlüklərindən hər cürə pislik gözləmək mümkündür. Ötən gün İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurinin İrəvanda keçirilən İran-Ermənistan forumunda diplomat kimi deyil, siyasətçi kimi çıxış edərək səsləndirdiyi avantürist fikirlər də molla rejiminin Ermənistanla münasibətləri daha da sıxlaşdırmaq niyyətindən və Azərbaycana qarşı aqressiv siyasəti davam etdirmək planlarından xəbər verir".
MHP sədri deyib ki, bizim mövqeyimiz ortadadır:
"Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasını və istisnasız olaraq bütün qonşuları ilə əməkdaşlığı genişləndirmək istəyir. Bunun yolu isə ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından, tərəflər arasında yekun sülh sazişinin imzalanmasından keçir. Lakin İran, Fransa kimi pozucu ölkələr isə hər vəchlə bu proseslərin qarşısını almağa çalışır. Cənub qonşumuz xristian Fransası ilə səylərini birləşdirərək Ermənistan üzərindən regionda öz varlığını təmin etməyə, geosiyasi və geoiqtisadi maraqlarını həyata keçirməyə çalışır. Tehran mollaları İslama deyil, şeytani hədəflərə xidmət edirlər. Odur ki, belə bir məkrli ölkənin təxribatlarına həmişə hazır olmalıyıq".
Mehman