Bu gün Tbilisi şəhərində Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi (TRACECA) Hökumətlərarası Komissiyasının (HK) 16-cı illik toplantısı keçirilir.
Newscenter.az xəbər verir ki, toplantıda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in tərəfləri olan ölkələrin rəsmi nümayəndələri, TRACECA Daimi Katibliyinin həmin dövlətlərdəki daimi nümayəndələri – milli katiblər, habelə müşahidəçi tərəflər Litva, Yunanıstan və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Toplantı zamanı TRACECA boyunca multimodal nəqliyyatın inkişafı, dəhlizin rəqəmsallaşdırılması, sərhəd-keçid prosedurlarının asanlaşdırılması, beynəlxalq avtomobil nəqliyyatı üzrə icazə sistemləri ətrafında, habelə TRACECA dəhlizinin inkişafına yönəlmiş digər məsələlərin müzakirəsi aparılır.
Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edərək Azərbaycanda dayanıqlı nəqliyyat və tranzit dəhlizlərinin inkişafı üzrə görülən işlər, həyata keçirilən layihələr, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri haqqında danışıb.
Nazir müavini çıxışının davamında Orta Dəhliz üzrə tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcək Zəngəzur dəhlizi barədə məlumat verib.
İclas çərçivəsində TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi seçiləcək.
Tədbirin sonunda TRACECA boyunca multimodal nəqliyyatın inkişafı üzrə Birgə Bəyannamənin, tədbirin yekunlarına dair Tbilisi Bəyannaməsinin, eləcə də HK iclasının müvafiq sənədlərinin və qətnamələrin qəbulu planlaşdırılır.
Mehman