Fevralın 20-də “Heydər Əliyev İli” ilə əlaqədar “Nə qədər ki, Azərbaycan var, mən də varam” adlı konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcov, YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və deputat həmkarları ilə birlikdə iştirak edib.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Heydər Əliyev və dövlət qadın siyasəti ” mövzusunda çıxış edib.
Hicran Hüseynova bildirib ki, bu gün biz bütün həyatını Azərbaycana həsr edən dahi şəxsiyyət haqqında danışırıq. O, bu ömrü şərəf və ləyaqətlə yaşamış, Vətəninə, xalqına sədaqətlə xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin ictimai və siyasi fəaliyyətini araşdırarkən, onun necə qüdrətli, hərtərəfli şəxsiyyət olduğu bir daha öz təsdiqini tapır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən şəxsiyyətdir. Biz bunu onun bütün fəaliyyətində görə bilərik. Sovetlər dönəmində Onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman qoyulan təməl ölkənin gələcək taleyində müstəsna rol oynadı. Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə göstərib.
O qeyd edib ki, Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə Ümummilli lideri xilaskar adlandırmışdır və hesab edirəm ki, bu, tamamilə məntiqli və ədalətlidir. Heç şübhəsiz, Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xidməti sayılmalıdır və sayılır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Və əlbəttə ki, Yeni Azərbaycan Partiyasının yaranması və onun cəmiyyətdə tutduğu mövqe, insanlarda yaratdığı inam bu ideyaların vahid şəkildə təbliğ olunmaslnda xüsusi rol oynadı.
Parlamentin komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanda həmişə, hətta müstəqilliyimizi qurduğumuz ən çətin illərdə belə, dövlətimiz üçün ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Elə ölkəmizin qoşulduğu ilk beynəlxalq konvensiyalar “Uşaq Hüquqları və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”dır. Bu sənədlər milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına, qadın və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qadın hərəkatını dəstəkləyən, ən əsası isə onların səlahiyyətlərinin artırılması üçün bütün imkanlar yaradan dövlət başçılarından biri idi. Bu mərhələdə Ümummilli Liderin imzaladığı Fərman və Sərəncamlar, dövlət qurumunun yaranması qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə, idarəetmə və qərarqəbul etmədə iştirakının artmasına təkan vermişdir. Qadın təşkilatları yaranırdı, qadın qurultayları keçirilirdi. Və onun qadın qurultaylarında etdiyi çıxışlar, səmimi fikirləri, arzuları qadınlarımızı daha da ruhlandırır, onları fəal olmağa həvəsləndirirdi. O deyirdi: “Mən Azərbaycan qadınlarının dövlət işində də fəliyyətini xüsusi qiymətləndirirəm”. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək, realizə etmək üçün yaranan imkanların nəticəsidir ki, Azərbaycan gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi ilə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Ölkəmizdə qısa müddət ərzində güclü lider qadınlar formalaşmış, gənc qızlarımız üçün təkcə respublikada deyil, həm də, xarici ölkələrdə yüksək standartlara uyğun təhsil almaq imkanları yaradılmışdır ki, bu da dövlətimizin inkişafına öz müsbət töhfəsini verir.Ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edərək, deyirdi ki: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. O ailədə ananın rolunu yüksək qiymətləndirirdi: “....hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur”. O, hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. O deyirdi ki: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. Mən burada xüsusi ilə vurğulamaq istərdim ki, yetişən gənc nəsillə biz fəxr edirik. Vətənpərvər gənclərimiz həm Ulu Öndərin , həm də hər birimizin arzusunu yerinə yetirdi. Ali Baş Komadan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoydu, Qarabağı, Şərqi Zəngəzuru işğaldan azad etdi.
“Biz hər birimiz fəxr edirik ki, bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daha da gücləndirirlər. Onaların bu fəaliyyəti Heydər Əliyev ənənələrinə, irsinə sədaqəti bir daha təsdiqləyir. Tarix belə dahiləri tək-tək yetirir. Ulu Öndər də nadir şəxsiyyət, fenomenal insan idi. O, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaqdır” deyə Hicran Hüseynova vurğulayıb.
Mehman