"Qərb təsisatlarının riyakarlığını müşahidə etdiyimiz ən başlıca məsələlərdən biri Ermənistanda insan haqları və demokratiya ilə bağlı sitiuasiyadır. Qərb nədənsə xunta quraraq sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunu törətmiş, təməl haqları belə heç bir qanuni əsas olmadan məhdudlaşdırmış Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə göz yumduğu kimi onları devirməklə hakimiyyətə gələn Paşinyanın da öz siyasi rəqiblərini, müxalif və müstəqil medianı təqib etməsini görməzdən gəlməyə başladı".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili daha sonra fikirlərini belə davam edib:
"Amma yeni model avtoritar sistemə cavab olaraq Paşinyan nəinki tənqid olunmadı, əksinə Ermənistanın Baş naziri Sorosun bilavasitə himayəsi altında "Demokratiya sammiti"ndə iştirak etməyə dəvət olundu. Bildiyiniz kimi, hələ o zaman bu dəvət Ermənistanda ciddi narazılıqla qarşılanmış, erməni siyasi dairələr tərəfindən ölkədə demokratiyanın "D"si belə olmadığı halda Paşinyanın belə bir sammitə qatılmasını absurd addım kimi qiymətləndirilmişdi. Bildiyiniz kimi, Prezident İlham Əliyev də Qərb mediasına müsahibələrində dəfələrlə insan haqları təşkilatlarının, beynəlxalq parlamentlər və siyasi güc mərkəzlərinin qarşısında Ermənistandakı vəziyyətlə bağlı məsələ qaldıraraq bu təşkilatları ikili standartlara son qoymağa çağırıb. Amma maraqlıdır ki, Ermənistanda oynanan demokratiya dramının əsl mahiyyəti aidiyyəti Qərb təsisatlarını maraqlandırmır. İlk növbədə ona görə ki, insan hüquq və azadlıqları faktiki olaraq qlobal müstəvidə Sorosun inhisarında olan məsələdir və çoxsaylı hüquqmüdafiə təşkilatları məhz milyarderə bağlı strukturlar tərəfindən maliyyələşdirilir. İkincisi isə, insan haqları bu gün təəssüf ki, dəyər yox, təsir vasitəsi kimi qəbul edilir və Ermənistan müstəqil iradə sahibi olmadığı və İrəvana təsir etmək üçün xüsusi vasitəyə ehtiyac duyulmadığı üçün bu ölkədə hüquq və azadlıqların durumu Qərb üçün maraqlı deyil".
Bəhruz Məhərrəmov onu da deyib ki, Paşinyan da Münxendə məhz bu ikili standartlara əsaslanaraq Ermənistanın demokratik və insan haqlarına hörmət edən bir ölkə olduğunu iddia edib:
"Erməni Baş nazir arxayındır ki, beynəlxalq insan haqları təsisatları bu məsələdə Ermənistandakı vəziyyəti görməyən, eşitməyən və dinməyən "üç meymunu" oynamaqda davam edəcək".
Mehman