Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Özbəkistanın regionları arasında əməkdaşlıq genişlənir-MÜSAHİBƏ

Azərbaycan və Özbəkistanın regionları arasında əməkdaşlıq genişlənir-MÜSAHİBƏ


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mətbuata Azərbaycan-Özbəkistan əlaqələri, iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq, eləcə də bu əməkdaşlığın gələcək perspektivləri barədə müsahibə verib. Newscenter.az həmin müsahibəni təqdim edir:

-Samir müəllim, dünən məlumat əldə etdik ki, Azərbaycan və Özbəkistanın bir sıra şəhərləri, xüsusi ilə Xivə və Şuşa şəhərləri arasında "Qardaşlaşmış şəhərlər" haqqında müqavilə imzalanıb. Bu barədə fikirlərinizi bölüşməyinizi xahiş edirik.

-İlk öncə məlumat vermək istəyirəm ki, cari il 24 fevral tarixində Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında 11 sənəd imzalanıb. İmzalanan sənədlər arasında hər iki ölkənin şəhərləri arasında qardaşlaşmış şəhərlər haqqında müqavilənin bağlanmasını xüsusi qeyd etmək istəyirəm.

Bu sənədə əsasən Özbəkistanın Xivə və Azərbaycanın Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşmış şəhərlər haqqında müqavilədir. Sözügedən hadisə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının nəticəsi olaraq baş verib. İclasda Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib, Özbəkistana səfər çərçivəsində Daşkənddə Özbəkistan və Azərbaycan arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.

Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib və görüşdə iki ölkə arasında iqtisadi əlaqələr, avtomobil sənayesi, tekstil sənayesi və ipəkçilik sahələrində əməkdaşlıq layihələrinin həyata keçirilməsində irəliləyiş xüsusi məmnunluqla qeyd olunub. Neft-qaz sektorunda, nəqliyyat və logistika sahəsində perspektivli layihələrə hazırlıq xüsusi vurğulanıb və uğurlu bir layihə kimi tərəflər arasında birgə investisiya fondunun yaradılması haqqında saziş imzalanıb.

Əlbəttə bu dövlət başçılarımızın apardıqları uğurlu siyasətinin davamıdır. Prezident İlham Əliyev özü də qeyd etdi ki, o, qardaş Özbəkistanla əlaqələrə böyük önəm verir.

Təkcə 2022-ci il ərzində ölkə başçımız Özbəkistana 3 səfər reallaşdırıb və Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə çox məhsuldar görüşlər keçirilib, dövlət qurumlarımıza müvafiq tapşırıqlar verilib.

Görüşlərin nəticəsi olaraq Özbəkistan prezidenti Şavkat Mirziyoyev bəyan etdi ki, Azərbaycan-Özbəkistan əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. İki ölkə arasında bütün sahələrdə olduğu kimi humanitar sahədə, mədəniyyət sahəsində əməkdaşlıq günü-gündən inkişaf edir və təbii ki, bu bizim üçün olduqca əhəmiyyətlidir.

Özbəkistan Mərkəzi Asiyanın, Türk Dövlətlər Təşkilatının aparıcı üzvü, böyük ərazi, əhali, qədim tarix, zəngin mədəniyyətə malik bir dövlətdir və xalqlarımız arasında soykök, mədəniyyət, dil, din yaxınlığı bu ölkəni Azərbaycan üçün əhəmiyyətini bir daha göstərir.

-Samir müəllim, "Qardaşlaşmış şəhərlər" layihəsi, onun üstünlükləri nədir və bu Azərbaycan və Özbəkistanın regionları arasında əməkdaşlığa necə təsir edəcək?

-Qardaşlaşmış şəhərlər - coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Təbii ki, bu layihə rəmzi, təbliğati əhəmiyyət də daşıyır.

Biz Azərbaycan Mədəniyyət Mərkəzi olaraq daim fəaliyyətimizdə iki ölkənin regionları, şəhərləri arasında əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət, turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün çalışır və bu iş fəaliyyətimizdə əsas prioritet sahədir.

2018-ci ilin dekabr ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, Azərbaycanın Özbəkistandakı Səfirliyinin birgə layihəsi ilə Azərbaycanın İsmayıllı şəhəri ilə Özbəkistanın Ferqanə vilayətinin Riştan şəhəri arasında ilk dəfə olaraq Qardaşlaşmış şəhərlər haqqında Memorandum imzalandı.

Ötən illərdə həm İsmayıllı, həm də Riştan şəhər hakmiyyəti nümayəndə heyətinin qarşılıqlı səfərləri təşkil edilmiş, tərəflər müxtəlif sahələrdə əməkdaşlıq, həmçinin mədəniyyət, turizm, sənətkarlıq, əl işləri, qarşılıqlı olaraq səfərlərin təşkili, beynəlxalq festivallarda iştirak və s. məsələlərdə razılığıa gəliblər.

Bu il isə dövlətimizin uğurlu xarici siyasətinin davamı olaraq Özbəkistanın Xivə və Azərbaycanın Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşmış şəhərlər haqqında müqavilə imzalandı. Əlbəttə, bu sənəd Azərbaycan və Özbəkistanın regionları arasında əməkdaşlığın genişlənməsi, şəhərlərimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına səbəb olacaqdır.

-Xahiş edirəm bildirərdiniz. Növbəti layihə Şuşa ilə Özbəkistanın Xivə şəhəri arasında imzalandı. Nə üçün məhz, Şuşa və Xivə?

-Şuşa işğal altında olanda biz bir neçə təkliflə çıxış etdik, Özbəkistanın tarixi "Turon" kitabxanasında Şuşa guşəsini təşkil edərək, hər il Şuşaya, Qarabağa aid layihələr reallaşdırdıq. Keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" tədbirləri çərçivəsində Qarabağa dair təqdimatların, layihələrin, habelə nəşrlərin sərgisini, geyimlərinin moda sərgisini təşkil etdik.

Mədəniyyət paytaxtımız Şuşa erməni işğalından azad olunandan sonra biz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Şuşa ilə Özbəkistanın Xivə şəhərinin qardaşlaşması təklifi ilə bir daha çıxış etdik.

İlk öncə 2021-ci ildə Özbəkistanın tarixi "Turon" İnformasiya Kitabxana Mərkəzi ilə Azərbaycanın Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında əməkdaşlığa dair Memorandum imzalandı. Tərəfimizdən Şuşaya Özbək mətbuatının nümayəndələrinin 4 dəfə mediaturunu təşkil etdik.

Mən qeyd etmək istəyirəm ki, Şuşa və Xivə şəhərləri arasında oxşar cəhətlər olduqca çoxdur. Hər iki şəhər Türk və ümumilikdə dünya mədəniyyətinin incisidir, qədim və zəngin tarixə malikdir.

Qala şəhəri olan Şuşa çox sayda dünya əhəmiyyətli abidələri ilə öyünür, eyni ilə Xivə şəhərindəki İçənqala abidələr kompleksi Özbək-Türk mədəni irsinin inciləri sırasına daxil edilir.

Qarabağ, Şuşa - Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi, Xarəzm vilayəti, Xivə şəhəri isə Mərkəzi Asiyanın, Özbəkistanın mədəniyyət, incəsənətin vətəni və musiqi sənətinin inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Şuşa tarixi Qarabağ xanlığının, Xivə isə məşhur Xarəzmşahların mərkəzi olmuşdur.

Bu layihə iki qardaş ölkə arasında əlaqələrin dərinləşdirilməsi, həm təbliğat, həm də işğaldan

Ədəbiyyatımızda da Qarabağ və Xarəzm bölgələri daim ədəbi mühitimizin zənginləşməsinə, Türk ədəbiyyatının inkişafına misilsiz töhvələr verib.

Xivədə Kamil Xorazmi, Məhəmmədrəsul Mirzə, Məhəmməd Rəhimxan Feruz, Əhməd Təbibi, Məhəmməd Yusif Bəyani, İlyas Molla Məhəmməd oğlu Li Sofi, Mütrib Xonaxarobi, Əvəz Məhəmməd Yusuf Çokar, Əbdürəzək Fəqiri, Muğanni, Komiljon Devoni, Məhəmməd Rəhim Raqib öz yaradıcılıqları ilə Özbək ədəbi mühitini zənginləşdirmişlər.

Şuşa da Azərbaycanın, Qafqazın mədəni-ədəbi mühitinə öz mühüm töhvələrini verib, hətta XIX əsrdə Şuşa Qafqazın mədəniyyət mərkəzinə çevrilməklə Qarabağda ədəbiyyatın "Qızıl dövr"ü, "intibah dövrü"nə qədəm qoyub.

Qarabağ-Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətində və ədəbiyyatında hər zaman aparıcı yer tutub, ədəbiyyatda yeni istiqamətlərin yaranmasında öz rolunu oynayıb. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu kimi yazıçı və mütəfəkkirlərimiz Azərbaycanın bu gözəl guşəsinin - Şuşanın şöhrətini bütün dünyaya çatdırıb.

Azərbaycanın bir çox məşhur mədəniyyət xadimləri yaşayıb-yaratmış Şuşa bir çox ilklərə imza atan bu şəhər milli operamızın beşiyi olmaqla yanaşı, ilk professional orkestrin, həm böyüklər, həm də uşaqlar üçün ilk baletin yaradıcısı olan insanların doğma yurdudur.

Musiqi, poeziya beşiyi, ədəbi məclislərimizin vətəni olan sehirli şəhərlərimiz - Şuşa və Xivə, həm də yer üzünün açıq səma altında unikal və təkrarsız muzeyidir.

Özbəkistanın Xarəzm torpağında yaranmış "Lazgi" rəqsi təbiətdəki səs və təzahürləri, sevgi və xoşbəxtlik hisslərinin hərəkətlərdə təcəssüm etdirir, bu bölgə öz təkrarsız rəqs sənəti ilə dünyada məşhurdur. Xarəzm bölgəsi Özbək rəqs sənətinin mərkəzi və beşiyi adlanır. Özbəkistanda ənənəyə əsasın hər iki ildən bir Xarəzm bölgəsinin mədəni mərkəzi Xivədə Sehirli rəqs Beynəlxalq Rəqs Festivalı keçirilir.

2022-ci il 10 noyabr tarixində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənd şəhərində Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrında
"Lazgi" adlı baletə baxıblar.

Azərbaycanın Qarabağ diyarı da, Şuşa şəhəri də "Vağzalı", "Mirzəyi" və başqa qədim və sevimli rəqslərimiz vətənidir. Bu rəqslər xalqımızın el adətləri, toy ənələri, şadlıq təntənəsinin bir rəmzi kimi səslənir və mərasimləri daha da canlandırmaqla, onlara xüsusi məna və ruh verir.

Xalq yaradıcılığımızın bir növü kimi melodiya zənginliyi, quruluşunun simmetrikliyi, diapozon müxtəlifliyi ilə səciyyəvi olan, Qarabağ bölgəsində yaranan məşhur Uzundərə rəqsi isə Azərbaycan incəsənətinin, rəqs sənətinin necə zəngin olduğunu bir daha nümayiş etdirir.

Qarabağda, gözəl Şuşamızda keçirilmiş və işğaldan azad olunandan sonra yenidən bərpa olunan Xarı bülbül beynəlxalq musiqi festivalı, Vaqif poeziya günləri isə bir daha zəngin mədəni ənənələrə malik olduğumuzu təsdiq edir.

Bildiyimiz kimi, Xivə 2020-ci il üçün, Şuşa isə 2023-cü il üçün TÜRKSOY tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilibdir.

-Bildiyimiz kimi, Şuşa şəhəri ilə yanaşı Lənkəran və Buxara, Gəncə və Səmərqənd, Şəki və Kokand şəhərləri arasında da qardaşlaşmış şəhərlər haqqında müqavilələr imzalandı.

-Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2019-cu ildə Buxara vilayət hakimiyyəti, vilayət mədəniyyət idarəsi, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitə, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyindən ibarət geniş nümayəndə heyətinin Azərbaycanın cənub bölgəsinə, Lənkəran şəhərinə səfəri təşkil olunmuş, səfər çərçivəsində bölgələrimiz arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Səfər zamanı özbəkistanlı qonaqların iştirakı ilə Lənkəran şəhər İcra Hakimiyyətində görüş keçirilib, İcra başçısı Taleh Qaraşovla keçirilən görüş zamanı tərəflər arasında əlaqələrin genişləndirilməsinə dair razılıqlar əldə olunub. Tərəflər bir sıra mədəni-kütləvi tədbirlər, o cümlədən Mədəniyyət mərkəzində "Özbəkistan mədəniyyəti günü"nün açılışı, Buxara vilayəti Dövlət Filormoniyasının musiqi kollektivinin ifasında özbək mədəniyyəti və musiqisinə dair təqdimat, özbək suvenirləri və əl işlərindən ibarət sərgi təqdim olunub.

Beş günlük səfər çərçivəsində qonaqlar Lənkəranda Heydər Əliyev Mərkəzini, Gənclər Mərkəzini, Lənkəran Dövlət Universitetini, Tarix-diyarşünaslıq müzeyini, Xalça fabrikini, Olimpiya İdman Kompleksini, "Yaşıl Çay" FT-nin çay plantasiyasının, "Green East" MMC-nin Çəltik emalı zavodunu, Hirkan Milli Parkını, İstisu Müalicə İstirahət Mərkəzini ziyarət edərək, sözügedən obyektlərin fəaliyyəti ilə yaxından tanış olublar.

Buxara vilayətinin nümayəndə heyəti Lerik, Astara və Masallı rayonlarımızda olub, bu rayonlarda da görüşlər keçiriblər.

Qeyd edək ki, Sovet dövründə 1979-cu ildə Ulu öndər Heydər Əliyevin hamiliyi ilə Azərbaycanda keçirilən "Özbəkistan ədəbiyyatı və incəsənəti günləri" çərçivəsində Özbək ədəbiyyatı və mədəniyyətinin nümayəndələri Lənkəran şəhərində olaraq çoxsaylı görüşlər keçirmiş, səfər zamanı Özbəkistanın xalq şairi Zülfiyəyə Azərbaycanın Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilib.

Gəncə və Səmərqəndin ölkələrimizin həm iqtisadi, həm də mədəni həyatında rolu böyükdür. Böyük şəxsiyyətlər yetişdirən bu şəhərlərdə həm dünya əhəmiyyətli unikal tarixi abidələr, həm də müqəddəs dini məkanlar yerləşir. Hər iki şəhərin, bölgənin turizm imkanları olduqca böyükdür. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildən başlayaraq hər il Özbəkistanın Səmərqənd şəhərində Azərbaycan mədəniyyət günləri keçirilir, bu tədbirlər çərçivəsində Səmərqənd şəhəri ilə Azərbaycan şəhərləri arasında əməkdaşlığin yaradılması üzrə işlər həyata keçirilir. Ötən müddət ərzində Səmərqənd şəhər hakimiyyətinin rəhbərlərinin Azərbaycana səfəri təşkil olunmuşdur.

Şəki və Kokand şəhərləri ölkələrimizin həm qədim, həm də görməli tarixi yerləri ilə məşhurdur. Hər iki şəhər gözəl təbiət, turizm, həm də əl işləri, sənətkarlıq mərkəzləri sayılır.

Şəki və Kokand öz zəngin mədəniyyəti, gözəl abidələri ilə məşhurdurş. Şəki xan sarayı, Kokanddakı Xudayar xanın sarayı ölkələrimizin tarixinin və mədəniyyətinin zənginliyini nümayiş etdirir.

Şəki 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı, Kokand isə 2021-ci il üçün Türk dünyasının turizm paytaxtı elan edilmişdir. Kokandda hər iki ildən bir Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının keçirilir.

-Samir müəllim, imzalanan bu "Qardaşlaşmış şəhərlər" haqqında müqavilə çərçivəsində Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi hansı tədbirləri və layihələr planlaşdırır?

-Bu il biz Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistanda geniş Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsini planlaşdırırıq. Tədbirlərin Daşkənd, Səmərqənd, Sırdərya, Qaşqadərya vilayətlərində keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlər çərçivəsində yeni "Qardaşlaşmış şəhərlər" müqaviləsi imzalayan Azərbaycan şəhərlərinin təqdimatı keçiriləcəkdir.

İl ərzində Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistan mətbuatında Şuşa, Gəncə, Lənkəran, Şəki haqqında, Azərbaycan mətbuatında isə Xivə, Səmərqənd, Buxara və Kokand, onların tarixi, mədəniyyəti, turizmi, tanınmış şəxsiyyətləri haqqında məqalələrin verilməsinə dəstək göstəriləcəkdir.

Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin 2023-cü il təsdiq olunmuş iş planına əsasən Özbəkistanın aparıcı media qurumları, jurnalistlərin iştirakı ilə Şuşaya mediaturun təşkili, Özbəkistan Jurnalistlər İttifaqı ilə birgə hər il qardaş ölkənin KİV-ləri arasında Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə elan etdiyimiz müsabiqədə bir nominasiyanın Şuşaya həsr olunması, "Xivə-Bursa-Şuşa: Türk dünyasının mədəniyyət paytaxtları" adlı layihənin həyata keçirilməsi, Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə birgə "Kokand və Şuşa ədəbi mühitinin Türk ədəbiyyatında yeri və rolu: Nadirabegim və Natəvan yaradıcılığı konteksində" adlı elmi konfransın keçirilməsi, nəşrin hazırlanması, Özbəkistanın Səmərqənd, Buxara, Kokand şəhərlərində yerləşən universitetlərlə Azərbaycanın Gəncə, Lənkəran və Şəki şəhərlərində ali təhsil ocaqları arasında əlaqələrin yaradılması, qarşılıqlı səfərlərin, mədəniyyət, turizm, gənclər təşkilatları arasında əlaqələrin genişlənməsi, birgə elmi araşdırmaların, layihələrin icrasına dəstək nəzərdə tutulub.



Mehman
Xəbəri paylaş