"Uşaqların uşaq evlərinə düşməsinin, küçələrdə yaşamasının, intiharlarının əsas səbəbi valideyn məsuliyyətsizliyidir. Valideyn öz məsuliyyətini dərk etsəydi bu kimi hallar baş verməzdi. Valideyn məsuliyyətsizliyi səbəbindən baş verən intiharların qarşısının alınması üçün övladı intihar edən valideynlər birbaşa məsuliyyətə cəlb edilməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova bu günlərdə millət vəkili seçildiyi rayonda 8-ci sinif şagirdinin intihar etməsi hadisəsinə münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, valideynlər isə övladlarının psixoloji durumunu ya başa düşmür, ya da anlamaq istəmirlər:
"Sonra isə artıq çox gec olur. Və uşaq valideynlərini cəzalandırmaq üçün intihara əl atır".
Millət vəkili fikirlərinə belə davam edib:
"Salyan rayonu Qızılağac kəndində 8-ci sinif şagirdi Cavadzadə Mirələm Niyaməddin oğlunun özünü yaşadığı evdə asdığı barədə xəbəri oxudum və təbii olaraq çox üzüldüm. Bəs 14-15 yaşlı yeniyetməni intihara sövq edən hansı səbəblər olub ki, ən gözəl yaş dövrünü həyatına son qoymaqla bitirib? Ailədaxili təzyiq, münaqişə, valideynlərin diqqətsizliyi, laqeydliyi, psixoloji problemlər və s. müxtəlif səbəblərdən baş verən bu cür intiharlarda valideynlərin məsuliyyətini xüsusi qeyd etmək istərdim".
Jalə Əhmədova onu da deyib ki, övladlarını lap kiçik yaşlarından diqqət, qayğı və ən əsası da sevgi ilə əhatə etməli olan valideynlərin bəziləri nədənsə valideynlik vəzifələrini, uşağa görə məsuliyyət daşıdıqlarını unudurlar:
"Uşaqlarına zaman ayırıb sevgi, diqqət, qayğı göstərmək əvəzinə biganəlik, hətta deyərdim ki, aqressivlik nümayiş etdirir və yaxud valideyn sevgisini uşağa pal-paltar, oyuncaq və s. almaqla qarşılamağa üstünlük verirlər. Nəticədə uşaq özünə qapanır və uşaqda valideynə qarşı nifrət hissləri belə yaranır".
Anar