Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Newscenter.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, ötən gün keçirilən tədbirlərlə qanunsuz olaraq odlu silah əldə etməkdə və gizlətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatovdan “Kalaşnikov” markalı avtomat silah aşkar edilərək götürülüb.
Növbəti uğurlu tədbir Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyat tədbirləri ilə paytaxt sakini Mahir İbadovdan “AKM” markalı avtomat silah və 4 ədəd patron aşkarlanaraq götürülüb.
Abşeron RPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Rəhimovdan “AKM” markalı avtomat silah, 29 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ramil Hüseynovdan qanunsuz saxladığı “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Mehman