Böyük tarixi şəxsiyyətlər dövlətin maraqlarını həmişə bütün sahələrdə qoruyur, onun dünyəvi nüfuzunun, istərsə də iqtisadi qüdrətinin yüksəldilməsini dövlətçiliyin başlıca vəzifəsi bilir. Belə tarixi şəxsiyyətlərdən biri də dünya siyasətinin fenomenlərindən biri olan Heydər Əliyevdir.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi sovetlər dönəmində də respublikanın iqtisadi inkişafına ciddi diqqət yetirilirdi. O illərdə Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrilmişdi. Bakıda neçə-neçə ittifaq miqyaslı zavod istifadəyə verilmişdi ki, bunlar da həm Azərbaycanın iqtisadi qüdrətinin yüksəlişini, həm də siyasi nüfuzunun artırılmasını təmin edirdi. Bakıda Elektron Hesablama maşınları zavodu, “Ozon” zavodu, Məişət Kondisionerləri zavodu, Radiozavod, ... böyük iqtisadi potensialı və nüfuzu ilə fərqlənirdi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələrinin əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışında demişdi: “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm”. Bu fikirlər tarixin dünənləri haqqında on illərdən sonra deyilsə də tarixi gerçəkliyi ifadə edirdi və daha nurlu sabahlara həmişə qayğı göstəriləcəyinə etibarlı zəmanət idi...
Dahi tarixi şəxsiyyət Heydər Əliyev xalqın böyük əksəriyyətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdi. Bu seçim Azərbaycanın tarixini gümanlardan gerçəkliyə, qarışıqlıdan duruluğa, iqtisadi gerilikdən iqtisadi tərəqqiyə çıxarda bildi. Ən böyük azərbaycanlı olan Heydər Əliyev Azərbaycan dövlətçiliyini siyasi burulğandan da çıxartdı, iqtisadi inkişafının konturlarını da təmin etdi. Azərbaycan Respubliksının Prezidenti Heydər Əliyev 1993-cü il oktyabr ayının 10-da Andiçmə mərasimində Azərbaycan və azərbaycanlılar üçün gələcəyin yaşam mahiyyətini belə müəyyənləşdirmişdi: “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın”.
1994-cü ilin fevral ayının 24-də Böyük Britaniyaya rəsmi səfərin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyanatında demişdi: “Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi həyatın sərbəstləşdirilməsi, xarici kapitalın, xarici investisiyaların Azərbaycana cəlb olunması, xarici investorlar üçün əlverişli şərait yaradılması xəttini qəti şəkildə götürmüşdür. Sözün qısası, söhbət azad bazar iqtisadiyyatından gedir. Bununla əlaqədar mən Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərənlərin hamısını respublikamıza dəvət etmişəm, onu nəzərdə tuturam ki, Azərbaycan hər cəhətdən bütün dünya üçün açıqdır, xüsusən investisiyalar üçün, iqtisadi münasibətlər üçün Azərbaycan Birləşmiş Krallığın işgüzar aləminin üzünə açıqdır. Mən demişəm və sizin qarşınızda bir daha bildirirəm ki, Azərbaycan iqtisadi əməkdaşlıq üçün, investisiyalar üçün əlverişli imkanlara malikdir, respublikanın rəhbərliyi, dövlətimiz investisiyaların müdafiəsinə, Azərbaycanla əməkdaşlığa başlayacaq xarici firmaların mənafelərinin müdafiəsinə təminat verir.” –
“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiyyətlərimizdən biri hesab edən Ulu Öndər 2002-ci il oktyabrı 17-də "Gülüstan" sarayında Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitqində Azərbaycanın neft strategiyası haqqında da fikrini açıqlamışdı, bu strategiyanın bilavasitə Azərbaycanın iqtisadi (və siyasi!) maraqları ilə bilavasitə əlaqəli olduğunu da bildirmişdi: “Biz Azərbaycanda neft strategiyasını hazırlayıb həyata keçirməyə başlayarkən qarşımıza əsas bir böyük məqsəd və vəzifə qoymuşuq: Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının xarici şirkətlərlə, onların investisiyalarının cəlb olunması vasitəsilə müştərək işlənilməsini təşkil etmək, bunun nəticəsində zəngin yataqlarımızda neft və qaz hasilatını təmin etmək və təbiidir ki, bunların hamısını Azərbaycanın milli mənafelərinin təmin olunmasına yönəltmək. Yəni bütün bu strategiya yalnız və yalnız Azərbaycanın milli mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir”.
Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın iqtisadi maraqlarının təmin edilməsi istiqamətində bütün mövcud imkanların səfərbər olunmasını təmin etmişdi. Onun məsləhətləri, göztərişləri bu inkişafın metodoloji əsasını təşkil edirdi. İqtisadi inkişafın ancaq sənaye ilə bağlı olmadığını, kənd təsərrüfatının da dinamik inkişafının təmin edilməsini məsləhət görən, tələb edən Ulu Öndər deyirdi: “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var”.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu bütün sahələr üzrə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində də mühüm qərarlar həyata keçirilməsini təmin edib. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğal edilmiş ərazilərdə aparılan quruculuq işləri də Zəfərlə başa çatacaq və iqtisadi qüdrətimiz daha da yüksələcək. Bu, memarı böyük tarixi şəxsiyyət Heydər Əliyev olan müasir Azərbaycanın daha aydın sabahlarına zəmanət deməkdir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı