Polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində saxta əsginas dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Bərdə rayonu ərazisində saxlanılıb. Onun üzərindən 13 ədəd, həmçinin ayrı-ayrı şəxslərə satdığı 4 ədəd 100 dollarlıq saxta əsginaslar aşkar edilib.
Newscenter.az -ın DİN-in Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, araşdırmalarla onun həmyerlisi olan Rövşən adlı şəxsdən saxta əsginasların hər birini 75 manat pul müqabilində aldığı müəyyən edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Rövşən İbrahimov da Bakı şəhəri ərazisində saxlanılaraq şöbəyə gətirilib. Üzərinə baxış zamanı ondan da 2 ədəd 100 dollarlıq saxta əsginas aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, adıçəkilənlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mehman Mehdiyev