"Son günlərdə ermənilərin təxribat xarakterli hücumlarının arxasında Rusiyanın xüsusi tapşırıqla həyata keçirdiyi planların olduğu görülməkdədir".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Rusiya, Ermənistan və Azərbaycan arasında Vaşinqton və Brüssel platformalarında aparılan sülh danışıqlarını heç bir halda həzm etmək istəmir:
"Vaşinqtonda keçirilən sülh danışıqlarından narahat olan Putin hakimiyyəti, erməni baş nazir Pasinyanla dərhal 9-may hərbi parad bahənəsi ilə görüşərək ona xüsusi tapşırıqlarını verdi. ABŞ, sülh danışıqları prosesində Ermənistan tərəfinə tətbiq etdiyi müəyyən təzyiqlərdən dolayı, Ermənistan hökumət başçısı Paşinyanın Rusiyaya tərəf yenidən əyilməsinə səbəb oldu və rəsmi Bakının 14 mayda nəzərdə tutulan Brüssel görüşündən öncə Moskva gorüşünün ləğvi ilə bağlı açıqlama verməməsi, bu görüşdən imtina etməsi anlamına gələrək, Ermənistanın yenidən Rusiyanın tapşırığı ilə təxribatlara əl atması ilə cavablandırıldı".
Ekspert bildirib ki, hazırda Ermənistanın təxribatları davam edir və Azərbaycan silahlı qüvvələrinin bölmələri düşmənə layiq olduğu cavabı verir:
"Hadisələrdən biz onu görürük ki, Rusiya Cənubi Qafqazda özünün geosiyasi mövqeyini qoruyub saxlamaq üçün hər zaman olduğu kimi yenə də təxribatlara əl atır və münaqişənin sülh yolu ilə həllinə mane olur. Ermənistan hökuməti isə hələ də ümid edərək, öz məkirli separatçı siyasətini qismən də olsa, həyata keçirmək məqsədilə, Rusiya və Qərb platformaları arasında siyasi oyunbazlığ edərək nail olmağa çalışır. Əslində Ukrayna müharibəsinin batağlığında batmaqda davam edən Rusiyaya bel bağlayan Ermənistanın bu oyunbazlığı heç bir fayda verə bilən deyil".
Çingiz Şahbazinin qənaətincə, hazırda olub bitənlər yenidən müharibənin başlanmasına səbəb ola bilməz:
"Sülh və normallaşma danışıqları davam edəcək. Sadəcə danışıqların davam etməsində, Rusiyasız, yeni dövrün və intensiv dönəmin başlandığını görəcəyik".
Anar Əliyev