Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın məşhur KİV-lərindən olan “Ədəbiyyat qəzeti” Azərbaycan Xalqının ümumilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bir nömrəsini tamamilə Azərbaycana həsr etmişdir.
Newscenter.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Özbəkistan Respublikası “Nuronilar” (Ağsaqqallar) Fondu eləcə də Özbəkistan Xarici İşlər Nazirliyinin yanında “Nurani” İctimai Şurasının həmkarlığı ilə sözügedən qəzetin xüsusi buraxılışı “Azərbaycan və Özbəkistan xalqlarının dostluğu əbəbdidir!” manşeti ilə nəşr edilmiş və qəzetin bütün səhifələrindəki mövzular Heydər Əliyevə, Azərbaycanın tarixinə, dövlətçiliyinə, ədəbiyyatına və mədəniyyətinə həsr edilmişdir.
Qəzetin birinci səhifəsində Özbəkistanın tanınmış yazıçısı, şair, drammaturq, Azərbaycan xalqının övladı Maqsud Şeyzadəyə həsr olunan “Maqsud Şeyxzadə: Nəvayi yurduna getdim” adlı məqalə dərc edilmişdir. Məqalədə Maqsud Şeyxzadənin həyatı, yaradıcılığı haqqında məlumat verilmiş, M.Şeyxzadənin tələbəsi olmuş özbəkistanlı alim akademik Naim Kərimovun onunla bağlı xatirələri yer almışdır.
Qəzetin 2-3-cü səhifələrini əhatə edən “Məhəbbət, işıq, fərəhli dostluq” adlı məqalədə Özbəkistan-Azərbaycan ədəbi, mədəni, siyasi əlaqələrindən söz açılmışdır. Müəllifi Respublikası “Nuronilar” (Ağsaqqallar) Fondu sədrinin birinci müavini olan Şərəf Ubeydullayev olan bu geniş məqalədə Azərbaycan-Özbəkistan dostluğunun Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığından başlayaraq Heydər Əliyevlə Şərəf Rəşidov arasında davam etdirilərək günümüzdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevlə Özbəkistan Respublikası Prezidenti cənab Şavkat Mirziyoyev arasında daha da möhkəmləndiyini qeyd edən müəllif bu dostluğun, qardaşlığın əsrlər boyu əbədi olacağaını vurğulayıb. Məqaləsində Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə xüsusi yer verən Ş.Ubeydullayev Ulu Öndərin sovetlər dönəmində hakimiyyətdə olduğu dövrlərdə ən çətin vaxtlarda özbək xalqının yanında olduğunu, cəsaritli şəkildə öz köməyini əsirgəmədiyini tarixi faktlarla xüsusi qeyd edib.
Qəzetin 4-5-ci səhifələrini əhatə edən “Heydər Əliyev fenomeni” adlı məqalədə Heydər Əliyev şəxsiyyəti və onun həyatı, siyasi-ictimaiyyəti fəaliyyəti işıqlandırılıb. Müəllifi Özbəkistanın tanınmış yazıçısı, tərcüməçi-alim Babaxan Məhəmməd Şərif olan məqalədə Azərbaycan xalqının Ümümmilli Lideri olan Heydər Əliyevin şərəfli, məsuliyyətli ömür yolundan söz açılaraq onun Azərbaycan xalqının taleyində oynadığı əhəmiyyətli roldan bəhs edilib. Heydər Əliyevi müasir Azərbaycanın banisi adlandıran müəllif Ulu Öndərin Azərbaycanı dağılmanın, parçalanmanın astanasından qurtardığını, daxili ixtişaşların yatırılmasında böyük uzqagörənlik, əzmkarlıq,səbr, təcrübə sərf etdiyini, yarıtmaz idarəçilik nəticəsində uçurumun kənarına gəlmiş bir dövlətdən güclü, qüdrətli bir ölkəyə çevirdiyini vurğulayıb.
Qəzetin 6-cı səhifəsində “Şərəf Rəşidovun dostu, Azərbaycam xalqının Ulu Öndəri” adlı məqalədə Ümumilli Lider Heydər Əliyevə və Azərbaycana həsr edilmiş ədəbi əsərlərdən söz açılıb. Müəllifi Özbəkistan Yazıçılar Birliyinin üzvü, tanınmış jurnalist Nəsir Tairov olan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Heydər Əliyevlə bağlı fikirləri ilə başlayan məqalədə özbəkistanlı müəlliflər tərəfindən Heydər Əliyevə həsr edilmiş şeirlər, poemalar, əsərlərdən söz açılaraq Özbəkistanın xalq şairi Normurad Narzullayevin Heydər Əliyev və Şərəf Rəşidova həsr olunmuş şeirindən bir parça verilib. Müəllif daha sonra Belarus Yazıçılar İttifaqının üzvü, özbək əsilli publisist, yazıçı, şair, İsmət Koçiyev tərəfindən Azərbaycan xalqının böyük övladı Heydər Əliyevə həsr olunmuş “Триумф Гейдара Алиева” (Heydər Əliyev qələbəsi) adlı rus dilində qələmə alınmış böyük poemadan da geniş söz açır. Qeyd edək ki, sözügedən poema Azəərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr ounmuş və nəşrin Özbəkistanda geniş təqdimatı keçirilmişdir. Məqalədə eyni zamanda Özbəkistanın xalq şairi Abdulla Aripovun məşhur “Azərbaycan” şeiri də öz əksini tapmışdır. O da məlumdur ki, bu məşhur şeiri Abdulla Aripov 1979-cu ildə Azərbaycana səfər etdiyi bir vaxta Heydər Əliyevlə görüş zamanı ilk dəfə oxumuşdur.
Qəzetin 7-ci səhifəsində isə Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Mobil Məmmədovun müəllifi olduğu “İki qardaş ölkə – Azərbaycan və Özbəkistan” sərlövhəli məqalə dərc edilib. Məqalədə qeyd oulunur ki, qardaş ölkədə yaşayan azərbaycanlıların dahi şəxsiyyət Heydər Əliyevlə fəxr etdikləri bildirilib. Ölkələrimiz arasında münasibətlərin uzun, möhkəm, sarsılmaz köklərə malik olduğu, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin Özbəkistanda hər zaman böyük ehtiramla xatırlandığı vurğulanıb. Məqalədə müstəqil Azərbaycanın dünya dövlətləri arasında inamla irəliləməsi, qədim köklərini, tarixi keçmişini, zəngin mədəniyyətini qoruyub saxlayaraq türk dövlətləri, o cümlədən Özbəkistan tarixi dostluğu və əməkdaşlığı uğurla davam etdirməsi də qeyd edilərək, xalqlarımız, dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müstəsna xidmətləri yüksək qiymətləndirilir.
Qəzetin 8-ci səhifəsində yer alan “Heydər Əliyevin ucaldığı şair” adlı məqalə isə Azərbaycanın xalq şairi Xəlil Rza Ulutütkə həsr olunmuşdur. Müəllifi tanınmış özbək şairi, tərcüməçi, publisist Tahir Qahhar olan məqalədə Xəlil Rza Ulutürk yaradıcılığına geniş yer verilərək Ümumilli Lider Heydər Əliyevin bu bpyük şairin həyatında oynamış olduğu önəmli roldan söz açılır. Məqalədə qeyd olunur ki, Heydər Əliyev vətənpərvərlik, millətçilik, türkçülük ideyalarının təbliğatçısı olan şairi müdhiş sovet repressiyasından qoruyaraq müstəqil Azərbaycanın istiqlal şairinə çevirmişdir. Məqalədə eyni zamanda Xəlil Rza Ulutürkün şeirlərindən tərcümələr də yer almaqdadır.
Anar Əliyev