Şəkidə atasını öldürüb mobil telefonunu satmaqda şübhəli bilinən gənc saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Mayın 12-də Şəki rayonunun İnçə kənd sakini, 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin yaşadığı ünvanda meyitinin aşkar edilməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri cinayət-prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma zamanı İsmayıl Gülüyevin şəxsi münaqişə zəminində oğlu, 1998-ci il təvəllüdlü Katıf Gülməmmədli tərəfindən mayın 4-də boğularaq öldürülməsi və atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə apararaq orada satması müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Katıf Gülməmmədli tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Mehman Mehdiyev