Ölkənin bank-maliyyə sektorunda maraqlı proseslər baş verir. Dünya maliyyə böhranından sonra bank sistemində baş verən arzuedilməz olaylar Azərbaycandan da yan keçmədi. Nəticədə bir neçə bank rəqabətə davam gətirə bilməyərək öz fəaliyyətini dayandırmalı oldu. O vaxtdan indiyə qədər də zaman-zaman bu kimi hallar baş verir. Belə ki, Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank – “Günay Bank” ASC bağlanıb. Bəs, görəsən hazırda Azərbaycanın bank sektorunda yenidən anoloji halların yaşanması nə dərəcədə mümkündür? Ümumiyyətlə, bu kimi qərarlar bank sektoruna necə təsir göstərir?
Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Samir Əliyev hesab edir ki, “Günay Bank” ASC-nin bağlanması xəbəri bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə təhlükə yaratmayacaq. Samir Əliyev onu da bildirib ki, proses bununla dayanmayacaq:
"Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir. Bu həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir. Bu siyasət də ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur".
İqtisadçı bildirib ki, son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib:
"Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir".
Natiq Orucov