İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və “PWC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasına start verilib. 11-12 və 16 may tarixlərində Bakı və regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində keçirilən yarışın birinci mərhələsində ölkənin 22 universitetindən 492 tələbə iştirak edib.
Newscenter.az xəbər verir ki, olimpiada, seçim və yekun turdan ibarət olmaqla, iki mərhələdə keçirilir. İlkin mərhələdə tələbələr təqdim olunmuş sualları test imtahanı formatında cavablandırmaqla vergilər mövzusunda öz bilik və bacarıqlarını sınayıblar. Olimpiadanın seçim turu mərhələsi Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun hazırlanıb və təqdim edilmiş test sualları əsasında aparılıb. Bu mərhələdə hər universitetdən 50-dən yuxarı ən yüksək nəticə göstərən 5 nəfər uğur qazanaraq yarışın final mərhələsinə vəsiqə qazanıb.
Seçim turunda uğur qazanan namizədlər iyun ayında Şamaxı rayonunda yerləşən Tədris Mərkəzinə səfər edəcək və orada final mərhələsində yarışacaqlar.
Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd “Heydər Əliyev ili”ndə ali təhsil müəssisələrinin tələbələri arasında vergitutma sahəsində biliklərin aşılanması, habelə vergi sahəsinə marağın artırılmasıdır.
Natiq Orucov