Qarşıdan gələn turizm mövsümündə daha çox xarici turisti ölkəmizə cəlb etmək üçün bu sahədə ciddi addımların atılmasına ehtiyac var.
Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter.az-a daxikl olan açıqlamada bildirilib ki, ilk növbədə turizm istirahət mərkəzlərində xidmət mədəniyyətinin yaxşılaşdırılması vacibdir:
“Turizm istirahət mərkəzlərində xidmət elə təşkil edilməlidir ki, qonaq bir daha həmin məkana üz tutmaq barədə düşünsün. Eyni zamanda xarici turistlərə şişirdilmiş qiymətlərlə “xidmət” göstərmək kimi biabırçı üsullardan yayınılmalıdır. Hər nə qədər turizm istirahət mərkəzləri özəl qurum olsa da, ancaq bu sahədə bir qiymət siyasəti həyata keçirmək, yaxud qiymət tənzimləməsi həyata keçirmək zəruridir”.
Mərkəzdə hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən xarici turistlərin Ukraynanın istirahət məkanlarına üz tuta bilməməsi, eləcə də bu il fevral ayının 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələ xarici turistləri daha çox Azərbaycana meyilləndirə bilər və bu imkanı yetərincə dəyərləndirib uyğun qiymətlər əsasında xarici turistləri ölkəyə cəlb etmək olar.
Natiq Orucov