Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Litva Respublikasının Prezidenti cənab Gitanas Nausedanın iştirakı ilə Litva - Azərbaycan biznes forumu keçirilib.
Newscenter.az xəbər verir ki, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, "LitFOOD" İxracın Təşviqi Agentliyi və Litva İnnovasiyalar Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri ilə yanaşı, sənaye, maliyyə, tikinti, kənd təsərrüfatı, turizm, neft-kimya, əczaçılıq və İKT sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.
Forumda təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ölkəmizdə KOB subyektlərinə göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan və Litva KOB-ları arasında əməkdaşlıq imkanları barədə məlumat verib.
Tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Litva İnnovasiyalar Agentliyinin nümayəndəsi İndre Balciunaite imzalayıblar. Memorandumda hər iki ölkənin kiçik və orta biznes subyektləri arasında müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və s. kimi məsələlər nəzərdə tutulur.
Sevinc Mehdiyeva