Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Səudiyyə Ərəbistanı ilə energetika sahəsində Əməkdaşlıq Sazişi imzalayıb

Azərbaycan Səudiyyə Ərəbistanı ilə energetika sahəsində Əməkdaşlıq Sazişi imzalayıb


Ər-Riyadda energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səud arasında görüş olub.

Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, görüşdə ölkələrimiz arasında “OPEC plus”, müvafiq nazirliklər arasında Birgə Texniki Komitə çərçivəsində əlaqələrin inkişafı, bərpa olunan enerji və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Prioritet istiqamətlər üzrə əməkdaşlıq potensialı və təkliflərinə dair müzakirələr geniş tərkibdə davam etdirilib. Bərpa olunan enerji, enerji səmərəliliyi, hidrogen sahələrində nazirliklər, neft-qaz, neft-kimya sektorlarında SABIC ilə SOCAR arasında birgə əməkdaşlıq perspektivləri və investisiya imkanları nəzərdən keçirilib. Yüksəksəviyyəli dövlətlərarası münasibətlərin enerji tərəfdaşlığının dərinləşdirilməsi üçün təməl yaratdığı bildirilib.

Energetika naziri Pərviz Şahbazov deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın mühüm tərəfdaşı və qardaş ölkədir. Qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin hərtərəfli inkişafına Azərbaycan Prezidenti böyük əhəmiyyət verir. Bildirilib ki, "Xızı-Abşeron" KES, həmçinin quruda və dənizdə ümumi gücü 2.5 QVt olan külək enerji layihələri və enerji saxlanc sistemlərinin inkişafı üzrə Səudiyyə Ərəbistanın şirkəti ilə əməkdaşlıq münasibətlərimizdə yeni səhifə açıb. Bu layihələrin istismara verilməsi, enerji sahəsində əməkdaşlıq Sazişinin imzalanması ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, enerji tərəfdaşlığımızın çoxşaxəliliyinə töhfə verəcəkdir.

Energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səud Azərbaycanı dost ölkə adlandıraraq “OPEC plus” formatı çərçivəsində uğurlu iş birliyinin ikitərəfli əsasda inkişafına, o cümlədən birgə yaşıl enerji layihələrinə dəstəyini ifadə edib.

Görüşdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi” imzalanıb. Saziş neft, neft-kimya, təbii qaz, elektrik enerjisi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində, həmçinin karbonun tutulması, təkrar istifadəsi, ötürülməsi, saxlanması, rəqəmsal transformasiya və innovasiyaların təşviqi istiqamətlərində əməkdaşlığı əhatə edir. Sənədə əsasən, energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün İşçi Qrupunun yaradılması nəzərdə tutulur.

Natiq Orucov
Xəbəri paylaş