Azərbaycan Respublikası Hesablama Palatasının təşkilatçılığı ilə 23-24 may tarixlərində Bakıda Asiya ölkələrinin Ali Audit Orqanlarının beynəlxalq təşkilatı olan ASOSAI-ın Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İşçi Qrupunun illik toplantısı keçirilib.
Newscenter.az xəbər verir ki, 11 ölkənin Ali Audit Orqanının (AAO) iştirakı ilə keçirilən toplantıda qrupa üzv AAO-ların DİM-ə hazırlıq səviyyəsi və DİM-in auditi sahəsində əldə etdikləri nailiyyətlər, qarşıda duran vəzifələr müzakirə olunub.
İki günlük tədbir zamanı qrupa üzv olan AAO-ların DİM-in səmərəlilik (performans) auditini həyata keçirən mütəxəssisləri DİM hədəflərinin ölkənin strateji sənədləri ilə əlaqələndirilməsi və bu hədəflərin həmin sənədlər üzrə auditinin aparılması, ayrı-ayrı hədəflərin ölkələrin və regionun şəraiti nəzərə alınmaqla reallaşdırılması səviyyəsinin ölçülməsi, həmçinin DİM hədəflərinin dövlət maliyyəsinin idarəedilməsi sisteminə inteqrasiyasının gücləndirilməsi istiqamətində ciddi müzakirələr aparıblar.
Tədbirdə DİM üzrə müəyyən edilən yeni 18-ci hədəf (Təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər) – hazırda ölkəmiz üçün də çox aktual olan minatəmizləmə problemləri ilə bağlı mövzunun müzakirəsinə xüsusi diqqət ayrılıb. Tədbirdə ölkəmizin erməni terroru nəticəsində əhəmiyyətli şəkildə mina təhlükəsindən əziyyət çəkdiyi və son 2 ildən artıq dövrdə yüzlərlə vətəndaşımızın bu təhlükə ilə üzləşərək həlak olduqları, sağlamlıqlarını itirdikləri vurğulanıb. Həmçinin tədbirdə 30 il ərzində işğal altında saxlanılan Qarabağ torpaqlarının ekoloji terrora məruz qalmasına diqqət çəkilib, müharibənin DİM-in “Aclığa son”, “Yaxşı səhiyyə”, “Təmiz su və sanitariya”, “Sərfəli və təmiz enerji”, “Torpaq ekosisteminin mühafizəsi” kimi hədəflərinin reallaşdırılmasına mane olduğu qeyd edilib.
İclas çərçivəsində aparılan təcrübə və bilik mübadiləsi nəticəsində İşçi Qrup üzrə bir neçə istiqamətdə formalaşdırılmış alt qruplar çərçivəsində aşağıdakı tədbirlərin cari ildə reallaşdırılması haqqında qərar qəbul edilib:
1.DİM-lər üzrə verilənlər bazasının formalaşdırılması;
2.Elektron xəbər bülleteninin hazırlanması;
3.INTOSAI icması üçün yaradılmış Rəqəmsal Universitetdə ASOSAI-ın İşçi Qrupuna üzv olan ölkələrin DİM-in auditi üzrə milli təcrübəsinin icmalının hazırlanaraq yerləşdirilməsi;
4.INTOSAI-ın “Dayanıqlı İnkişaf və Əsas Dayanıqlı İnkişafın Göstəriciləri” və ASOSAI-ın “Dayanıqlı İnkişaf Məqsədləri” üzrə İşçi Qrupları arasında birgə əməkdaşlığın təşkili;
5.Sosial medianın əhatəsinin genişləndirilməsi.
Qeyd edək ki, Asiya ölkələrinin Ali Audit Orqanlarının beynəlxalq təşkilatı olan ASOSAI-ın DİM-lər üzrə İşçi Qrupunun yaradılması ilə bağlı təklif Küveytin Dövlət Audit Bürosu (Ali Audit Orqanı) tərəfindən ASOSAI-ın İdarə Heyətinin 2019-cu ildə keçirilən 54-cü iclasında təklif edilib. 2021-ci ildə ASOSAI Assambleyası ASOSAI-ın DİM-lər üzrə İşçi Qrupunu təsis edib.
DİM-lər üzrə İşçi Qrupun əsas missiyası auditorların bilik və bacarıqlarını artırmaq, müvafiq DİM göstəricilərindən istifadə etməklə milli məqsədlərə töhfə vermək, regionda DİM-in icrası vəziyyətini qiymətləndirmək vasitəsilə ASOSAI icmasının rolunu təşviq etməkdir. İşçi Qrupu qabaqcıl təcrübələrdən faydalanmaq baxımından ciddi platformaya çevrilib.
Azərbaycan Respublikası Hesablama Palatası 3 ildir ki, DİM üzrə səmərəlilik (performans) auditi həyata keçirir. Bu müddət ərzində 6 DİM hədəfi üzrə 7 səmərəlilik (performans) auditi çərçivəsində 16 DİM indikatoru üzrə qiymətləndirmələr aparılıb.
Anar Əliyev