Bir sıra hallarda hər hansı bir sahə üzrə icra məmurunun tələbi, yaxud onun fəaliyyətinin həyata keçirilməsinə əngəl olmaq kimi hallar müşahidə edilir. Bəs görəsən belə hallarda hüquqi baxımdan hansı cəzalar nəzərdə tutulur?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova Newscenter.az-a bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Vəfa Qədirova deyib ki, oxşar hallarda vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir:
“İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manatdan 1500 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 2 ayadək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir”.
Vəkil pnu da bildirib ki, icra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə cərimə edilir:
“Borclunun hesabına (hesablarına) xidmət edən bank və ya digər kredit təşkilatı tərəfindən borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 3000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir”.
İnqilab Süleymanov