Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda “Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festival keçirilib

Özbəkistanda “Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festival keçirilib


Daşkəndin Mərkəzi Parkında keçirilən “Xalqların mədəni ənənələri və mətbəxi” beynəlxalq festivalı Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi təşkil edib və tədbirdə Azərbaycan da yüksək səviyyədə təmsil olunub.

Newscenter.az xəbər verir ki, festivalda Özbəkistandakı müxtəlif ölkələrin səfirləri, diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, yerli azərbaycanlılar, jurnalistlər, Daşkənd şəhər sakinləri qatılıb.
Tədbirdə Türkiyə, Böyük Britaniya, Avropa Birliyi, ABŞ, Qazaxıstan, Rusiya, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Tacikistan, Ukrayna və digər ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər.

Ölkəmiz bu tədbirdə təmsil edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan milli stendini təşkil edib.

Azərbaycan Mədəniyyət Mərkəzi Beynəlxalq Festivalda builki iştirakını Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edib və bu məqsədlə Azərbaycan pavilionununun önündə Ulu Öndərə dair foto və nəşrlərdən ibarət xüsusi sərgi quraşdırılıb.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Festivalda Azərbaycan mədəniyyətinə dair suvenirlər, Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib.

Azərbaycan guşəsinə gələnlərə ölkəmizin mədəniyyəti, mətbəxinə dair müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub. Qonaqlara plov, dolma, qutab, dovğa, kükü və şirniyyatlarımız təklif edilib.

Festivalda iştirak edən ölkələr öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini, mətbəx nümunələrini nümayiş etdiriblər.

Festival çərçivəsində təşkil edilən konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Müxtəlif ölkələri təmsil edən festivalın jüriləri tərəfindən Özbəkistandakı Heydər Əliyev Adına Azərbaycan Mədəniyyət Mərkəzinin təqdim etdiyi Azərbaycan milli təamı olan dolma ən dadlı yemək nominasiyasında birinci yerə layiq görülüb və Festivalın xüsusi mükafatı ilə təltif edilib.

Qeyd edək ki, Beynəlxalq Festivalda satışı təşkil edilən milli təamlardan əldə olunan gəlir Özbəkistanda fiziki qüsurlu uşaqlar üçün İnternat məktəblərinə hədiyyə olunması nəzərdə tutulub.

Anar Əliyev
Xəbəri paylaş