Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) bu günə qədər 107 internet operator və provayderini uçota alıb.
Newscenter.az bu barədə nazirliyə istinadən xəbər verir.
Qurum bəyan edib ki, uçotdan keçməyən operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında bu link vasitəsilə autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durmamaq İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.
Uçota alınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirəcək, genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunacaq. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayacaq.
Növbəti mərhələdə İKTA uçot prosesi zamanı toplanmış məlumatları, o cümlədən internet telekommunikasiya sahəsində göstərilən xidmətlərin növləri, abunəçilərlə bağlanmış müqavilələrin minimum tələblərə uyğunluğu, fəaliyyətin əhatə dairəsi, əlaqə vasitələri, eləcə də veb-saytların müştəriyönümlü olması və məlumatlılığı kimi parametrlər üzrə təhlillər aparılacaq, onları vizual formada sistemləşdirəcək və qiymətləndirəcək.
İKTA-nın Nizamnaməsi ölkə prezidentinin 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Natiq Orucov