Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu hər ötən gün daha da artır. Bunu bu günlərdə Bakıda keçirilən enerji həftəsi də bir daha təsdiq etdi. Sözügedən toplantıya olan beynəlxalq marağın artması məhz Azərbaycana, onun zəngin enerji resurslarına marağın artması deməkdir. Elə Yeni Azərbaycan Partiyasının üzvü Tural Məmmədov da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Tural Məmmədov deyib ki, ölkəmizin təşkilatçılığı ilə reallaşdırılan layihələr sayəsində Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Onun sözlərinə görə, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur:
"Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək üçün Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Bu məqsədlə 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb".
Tural Məmmədov deyib ki, Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edən Azərbaycan bu gün də etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Anar Əliyev