Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət proqramı Naxçıvanın qarşıdakı illərdə bütün sahələrdə inkişafı üçün geniş imkanlar açır -ÖZƏL

Dövlət proqramı Naxçıvanın qarşıdakı illərdə bütün sahələrdə inkişafı üçün geniş imkanlar açır


“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam onu deməyə əsas verir ki, biz yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasının, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinin şahidi olacağıq.

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Naxçıvanın yerləşdiyi coğrafi mövqe, zəngin təbiəti, faydalı qazıntı yataqları bu bölgədə həm sənayenin, həm turizmin, həm kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar açır:

"Xüsusilə də Naxçıvanın Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissısi ilə birləşməsindən sonra bu bölgəmiz bir kommunikasiya qovşağına çevriləcək ki, bu da həm yeni sərmayələr, həm də böyük ölçüdə gəlirlər deməkdir".

Yusif Bağırzadə deyib ki, dövlət proqramının təsdiqi Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə bütün sahələrdə inkişafı üçün geniş imkanlar açır:

"Bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində yeni keyfiyyət mərhələsinə qədəm qoyulacaq".

Anar Əliyev
Xəbəri paylaş