"Prezident İlham Əliyevin Naxçıvanla bağlı təsdiq etdiyi Dövlət Proqramı 2023-27-ci illəri əhatə edir və islahatların yeni mərhələsinin başlanğıcı deməkdir. Proqramın icrasının təmin olunması üçün geniş miqyaslı tədbirlər planı hazırlanmış, görüləcək işlərin vaxtı və məsul şəxslərin adı ardıcıllıqla göstərilmişdir".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nı şərh edərkən səsləndirib.
Millət vəkili qeyd edib ki, 44 günlük müharibənin yaratdığı reallıqlardan biri də Naxçıvanın strateji əhəmiyyətinin qabarıq şəkildə üzə çıxmasıdır:
"Qarşıda, Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla, oradan isə, qardaş Türkiyənin Şərq əyalətlərini birləşdirən kommunikasiyaların açılması gözlənilir. Dövlətlərarası əməkdaşlıq inkişaf etdikcə, iqtisadiyyat güclənəcək, güzəştli vergi sistemi tətbiq olunmaqla, azad iqtisadi zonalar, texoparklar, aqroparklar yaradılacaqdır. Sosial obyektlər inşa olunacaq, yeni iş yerləri açılacaq, ixrac potensialı, texnoloji, nəqliyyat-logistika imkanları artacaq, rəqəmsallaşma, kadr hazırlığı sürətlə aparılacaq, kənd təsərrüfatı, turizm inkişaf edəcəkdir".
Nəsib Məhəməliyev diqqətə çatdırıb ki, Türkiyə ilə Azərbaycanı birləşdirən yeganə quru yolu Naxçıvandan keçir. Ona görə də, Naxçıvanın siyasi, iqtisadi, geostrateji əhəmiyyəti son dərəcə böyükdür:
"Əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonra isə, cənab Prezident uzun illər blokada vəziyyətində olan Naxçıvanın inkişafına xüsusi diqqət göstərmişlər. İndiki çağırışlar daha çevik, müasir standartlara adekvat tədbirlərin görülməsini tələb edir. Qardaş ölkədə Rəcəb Tayyib Ərdoğanın möhtəşəm qələbəsi, Türk dünyasının inteqrasiyası istiqamətində Azərbaycanın aparıcı rol oynamasını şərtləndirəcəkdir".
Deputat sonda onu da vurğulayıb ki, Prezidentin Naxçıvanla bağlı təsdiq etdiyi Dövlət Proqramı kifayət qədər məzmunlu, dolğun sənəddir:
"Dövlət Proqramı naxçıvanlıların yaşayışını, rifah halını yaxşılaşdıracaq, bütövlükdə isə, sürətlə, bölgənin sosial-iqtisadi inkişafını təmin edəcəkdir".
Anar Əliyev