32 ildir SSRİ dağılıb , onun xüsusi xidmət orqanlarının ideoloji müharibəsində rupor kimi istifadə etdiyi “kor baxıcı Vanga” təbliğatı hələ də davam edir.
Məlumat üçün deyim ki, Vanganın həyat yoldaşı Dmitriy Kuşteryev və şəxsi mühafizəçisi Pyetr Konstantinov KGB zabitləri olub.
Vanqa isə Bolqarstanda SSRİ-nin işğalçı siyasətinin bolqar cəmiyyətində dəstəklənməsi üçün ideoloji rupor kimi sadəcə bir xüsusi xidmət layihəsi olub.
SSRİ-nin işğal etdiyi bütün yerlərdə , elə müttəfiq respublikaların özündə da ona oxşar layihələr olub, indi də var.
Vanga 1996-cı ildə dünyasını dəyişib, özündən sonra da heç bir kəhanət qoymayıb , çünki heç bir kəhanəti də olmayıb.
Onun adından yazılanlar günü bu gün də Lyublyankada xüsusi şöbədə yazılır.
Analogiya aparsaq, məsələn SSRİ-nin son illərində televiziyada Kaşpirovski deyilən “ekstrasens” insanlara “yanınıza bankada su qoyun , enerji ötürürəm , sonra için, çimin sağalacaqsınız” deyə cəhalət aşılayırdı.
Heç kimin də ağlına gəlmirdi ki, əgər bu “ekstrasens” seanslarını mərkəzi dövlət televiziyasında aparırsa demək translyasiya bir başa Lyublyankadan gəlirdi.
Küçədə isə SSRİ dağılırdı, amma elmi, siyasi, iqtisadi elitani Kaşpirovskinin seansları narahat edir, onlar müzakirə edilirdi.
Bunun izahı odur ki, ssri-nin ilk illərində mərkəzi hakimiyyət cəmiyyətin idarəçilik institutu olan dini və kilsəni inkar edən “ateizmi” dövlət siyasəti seçmişdi.
Ancaq insanların kilsədən uzaq düşməsini arzulayanlar , onların ülvi incanlarını istismar etmək arzusundan uzaq düşməmişdilər.
Dinin birləşdirici faktor kimi necə böyük silah olmasını göz ardı edə bilmirdilər.
Çünki bütün qadağalara baxmayaraq cəmiyyətin inkişaf tendensiyalarından biri kimi din ictimai həyatın bütün sferalarını : sosial, iqtisadi, siyasi, mədəni, ideoloji sahələri əhadə edirdi.
Elmin-texnikanın sürətli inkişafı da buna mane olmadı, əksinə dinin müasir sistemə transformasiyasını daha da şərtləndirdi və sürətləndirdi.
Bunu görən mərkəzi hakimiyyət özü-özünü inkar etmədən , dini məlumatların çatdırılmasında alternativ ünsiyyət yollarının təbliği , yalançı dini dəyər oriyentasiyalarının formalaşması yolunu seçdilər.
Burda da mistika, okkultizm, ezoterika elementli , qeyri-ənənəvi təzahürlü yeni dini cərəyanlara əl atmışdılar.
Eyni təbliğat Rusiyada indi də davam edir , bəzi kanallar bütün günü baxıcıların təbliği, “kor baxıcı və nəvəsi” ilə avam, cahil rus cəmiyyətini daha rahat “idarə edilən” hala gətirirlər.
Son zamanlar izlədiyim qədəri ilə, bu təbliğatı Azərbaycanda da aparanlar tapılıb.
Hələ keçən aylara kimi İranın ayatullahlarının “dediklərini” təbliğ edən səhifələr indi adlarını dəyişib “Vanqanın kəhanətlərini” təbliğ edir.
Bizdə də “Vanqa onu dedi, bunu dedi” deyə cəmiyyətə cəhalət yayanların məqsədi eynidir.
Amma bunların hamısı uzun müddətli hesabda dini fundamentalizm , dini ekstremizm və terrorizm üçün zəmin rolunu oynayır.
Dini tərbiyənin sağlam yolunu tutmaqda fayda var…
Yeganə Hacıyeva-politoloq