Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilanda İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib

Zəngilanda İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə  İşçi Qrupunun iclası keçirilib


Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini, İşçi Qrupun rəhbəri Elnur Əliyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində kompleks proqramların, genişmiqyaslı bərpa tədbirlərinin, o cümlədən infrastruktur layihələrinin icra olunduğunu qeyd edib. Bildirilib ki, bu ərazilərdə məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi əsas vəzifələr sırasındadır.

Tədbirdə işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər güzəştlər barədə məlumat verilib. Stimullaşdırıcı alətlərin və güzəştlərin Qarabağla yanaşı, regionda təhlükəsiz və layiqli həyat səviyyəsinin formalaşdırılmasına, sosial-iqtisadi potensialın xalqın rifahı naminə effektiv istifadəsinə, xüsusilə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə, elmin və biliktutumlu sahələrin inkişafına, əmək məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsinə, məşğulluğun artırılmasına təkan verəcəyi vurğulanıb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev aparılan bərpa və quruculuq işləri barədə məlumat verib, bu ərazilərə köçürülən əhalinin məşğulluğunun təmin edilməsində dövlət və özəl müəssisələr tərəfindən xüsusi yanaşmanı tətbiq etməklə, özəl-dövlət tərəfdaşlığının vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, İşçi qrupun üzvü Şaiq Adıgözəlov işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin olunması ilə bağlı fikirlərini bölüşüb. İşçi Qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən bu sahədə görülmüş işlər barədə məlumat veriblər. İclasda təqdim olunan hesabatlar İşçi Qrupunun üzvləri tərəfindən müzakirə edilib.

İqtisadi məsələlər üzrə İşçi Qrupunun üzvləri Ağalı kəndində həyata keçirilən layihələrlə tanış olublar.

R.Mehdiyeva
Xəbəri paylaş