“Türkiyə-Azərbaycan dostluq və qardaşlığı dünyaya bir nümunə, örnəkdir. Əsrlərə bağlı olan bu münasibətlər günümüzdə hər iki ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində daha da inkişaf edir, möhkəmlənir və irəli gedir. Qardaş ölkədə keçirilən prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın ilk xarici səfər kimi Azərbaycana gəlməsi də bunun əyani sübutudur”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərinə münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, günümüzdə Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, dost-qardaş olan ikinci bir dövlət yoxdur:
“Azərbaycan və Türkiyənin istər regional, istərsə də beynəlxalq məsələlərdə nümayiş etdirdiyi həmrəylik, birlik və bərabərlik Türkiyə-Azərbaycan əlaqələrinin daha da gücləndirir. İki ölkənin lideri, Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan səmimi münasibətlər də öz növbəsində dövlətlərarası əlaqələrə öz tövhəsini verir”.
Azərbaycan və Türkiyənin istər şad, istərsə də ağrılı-acılı günlərdə bir-birinin yanında olduğuna diqqət çəkən millət vəkili, “44 günlük Vətən müharibəsi dövründə Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstək, səsləndirdiyi bəyanatlar nəticəsində hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısı alındı”, deyərək tarixi zəfərdən sonra da qardaş Türkiyənin Azərbaycanın yanında yer aldığını diqqətə çatdırıb:
“Tarixi zəfərimizi özündə əks etdirən hərbi paradda qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı bir daha dahi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi kəlamını əyani şəkildə sübuta yetirirdi. Bu həm də onun nümayişi idi ki, İkinci Qarabağ müharibəsində əldə edilən zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi idi”.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dönəmdə, azad edilən ərazilərdə aparılan quruculuq-abadlıq işlərində Türkiyənin yaxından iştirak etdiyini deyən İqbal Məmmədov bu faktın da iki dost-qardaş ölkənin birlik və həmrəyliyinin əyani göstəricisi olduğunu vurğulayıb:
“İki ölkə arasında dostluq-qardaşlığı, birlik və bərabərliyi daha da möhkəmləndirən, onu gücləndirən hadisələrdən biri isə tarixi Şuşa Bəyannaməsinin imzalanması oldu. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm strateji sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu”.
Millət vəkili Türkiyə kimi Azərbaycanın da bütün situasiyalarda qardaş ölkənin yanında olduğunu deyib. İqbal Məmmədov bildirib ki, bir neçə ay əvvəl Kahramanmaraş başda olmaqla Türkiyənin 10-dan artıq bölgəsində baş verən dağıdıcı zəlzələ zamanı Azərbaycan bütün imkanlarınıl səfərvər edərək qardaş ölkənin yardımına getdi:
“Bu dəstək yalnız maddi və humanitar sferalarla məhdudlaşmadı. Eyni zamanda qardaş ölkətə dəstəyimiz siyasi müstəvidə özünü göstərdi.Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirildi. Əvvəlcə bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi idi”.
Millət vəkilinin sözlərinə görə, ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk səfərini Azərbaycana edir:
“Bu səfərin dövlət səfəri olması isə xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri Bakı ilə Ankara arasında əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsində yeni bir səhifə açacaq”.
Anar Əliyev