2023-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, 5 ay ərzində Azərbaycanda 20,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 11,1 milyard kubmetri “Şahdəniz”dən, 3,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 0,6 milyard kubmetr artımla qaz hasil edilib.
Newscenter.az Energetika Nazirliyinə istinadən bildirir ki, hesabat dövründə xaricə qaz satışı 10,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çoxdur. Cari ilin yanvar-may aylarında Avropaya 4,8 milyard kubmetr, Türkiyəyə 4,3 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 2,4 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2023-cü il tarixinədək AÇG-dən 208,9 milyard kubmetr, “Şahdəniz”dən isə 193,8 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 136,5 milyard kubmetrə yaxını ixraca nəql edilib.
2023-cü ilin yanvar-may ayları ərzində ölkədə 12,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 7,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,8 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.
Hesabat dövründə 10,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,5 milyon tonu konsorsiumun, 1,1 milyon tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2023-cü il tarixinədək 616,6 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 574,5 milyon ton neft, “Şahdəniz”dən isə 42,1 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 iyun 2023-cü il tarixinədək 614,7 milyon tonu ixraca nəql edilib.
2023-cü ilin yanvar-may ayları üzrə ölkədə neftin emalı 2,5 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 373 min ton çox olub.
Sona