Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda 712 min manatlıq dələduzluq

Bakıda 712 min manatlıq dələduzluq


Özlərini vəzifəli şəxs kimi təqdim edərək qanunsuz əməllər törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Newscenter.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə yolu ilə vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla İlkin Babayev, Eldar Muradov, Mobil Həsənzadə, Allahqulu Məmmədov, Asəf Ağazadə və digərlərinin qabaqcadan əlbir olub özlərini müxtəlif dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təmin olunma, hüquq-mühafizə orqanlarında aparılan araşdırmaların dayandırılması, elmi dərəcələrin verilməsi və digər məsələlərin həllində köməklik göstərəcəklərinə dair yalan vədlər verərək ayrı-ayrı şəxslərin ümumilikdə 712 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında həmin şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı vurulmuş ziyandan 160 min manatın ödənilməsi təmin edilmişdir.

Hazırda cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ayrıca icraata ayrılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş