Biləsuvarda keçmiş polisin qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Newscenter-az-a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayramov Bayram Oruc oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Həsənov Fəxrəddin Əli oğlunun şəxsi münasibətlər zəminində B.Orucova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fəxrəddin Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.
Mehman Mehdiyev