Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mübariz Qurbanlı belçikalı deputatla görüşüb

Mübariz Qurbanlı belçikalı deputatla görüşüb


İyulun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının yəhudi əsilli deputatı Mixael Fraylix və jurnalist Nexama Blox ilə görüşüb.

Newscenter.az xəbər verir ki, ölkəmizdəki din siyasəti barədə qonaqlara geniş məlumat verən Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda multikultural və tolerant dəyərlərin, dini müxtəlifliyin, məzhəblərarası vəhdətin qorunması sahəsində məqsədyönlü dövlət siyasəti aparılır. Ölkəmizdə 995 dini icma qeydiyyatdan keçib ki, onların 958-i İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdəki dini qurumlara maliyyə yardımının göstərilməsi dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədini daşıyır ki, bu da dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşməsinə, dini müxtəlifliyin qorunmasına və dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Görüş zamanı azərbaycanlılar ilə yəhudilərin birgəyaşayışının tarixi yüzilliklərə söykəndiyini, ölkəmizdə yaşayan yəhudilərin respublikanın siyasi, iqtisadi, sosial, mədəni həyatında aktiv fəaliyyət göstərdiklərini vurğulayan M. Qurbanlı yəhudi dini icmalarına olan diqqət və qayğıya toxunub.

Fərqli mədəniyyətləri və dini irsi qoruyub saxlamağın dövlətin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdıran Komitə sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sinaqoqların tikinti və təmirinə öz töhfəsini verdiyini qeyd edib. Hazırda ölkəmizdə yəhudilərə məxsus 7 sinaqoq, 8 dini icmanın və məktəbin fəaliyyət göstərdiyini bildirib.

Ölkəmizə səfərindən məmnunluqla danışan Mixael Fraylix qeyd edib ki, Azərbaycanda dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradılıb və Azərbaycan bu aspektdən dünyanın bir çox dövlət və cəmiyyətlərinə nümunə ola biləcək bir ölkədir. Qlobal təhlükəsizlik naminə əməkdaşlığın vacibliyini vurğulayan qonaq dünya miqyasında ümumbəşəri dəyərlərin, multikulturalizm, həmrəylik ideyalarının təbliğində əməkdaşlığın önəminə diqqət çəkib.

Qeyd edək ki, görüşdə Milli Məclisin Azərbaycan-Belçika parlamentlərarası işçi qrupunun rəhbəri deputat Kamal Cəfərov da iştirak edib. M.Fraylix və Nexama Blox Belçikada yəhudi icması ilə bağlı yerli və xarici xəbərləri işıqlandıran, görkəmli şəxsiyyətlər ilə müsahibə və analitik məlumatlar dərc edən aylıq “Joods Actueel” aparıcı yəhudi jurnalının tərtibatçılarıdır. Səfərin məqsədi ölkəmizdəki yəhudilərin irsi və yaşayış tərzi ilə tanış olmaq, Azərbaycandakı tolerant və multikultural ənənələr barədə məqalə hazırlamaq, o cümlədən yəhudilərin kompakt yaşadığı Qırmızı qəsəbə və digər yerlərdə onların həyat tərzini əks etdirən fotolardan ibarət sərginin keçirilməsidir.

Qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşün sonunda qonağa DQİDK-nın xarici dillərdə nəşr etdirdiyi, Azərbaycanın tolerantlıq mühitindən bəhs edən kitablar təqdim edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş