Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təcavüzkarlar səs yazılarının deşifrəsindən pul qazanmağı təklif edirlər

Təcavüzkarlar səs yazılarının deşifrəsindən pul qazanmağı təklif edirlər


Kaspersky mütəxəssisləri transkribasiya - səs yazılarının deşifrə edilməsi ilə pul qazanmaq təklifinin yer aldığı qeyri-adi dələduzluğun təfərrüatlarını açıqlayıb.

Newscenter.az xəbər verir ki, təcavüzkarlar eyni dizayn və ünsiyyət üçün kontaktlara malik, lakin fərqli adlarla eyni vaxtda bir neçə resurs yaradıblar. Təklifin əsasında “kompüterin edə bilməyəcəyi iş – audio faylların tanınması və bunun üçün pul əldə olunması” dayanır. Söhbət ictimai çıxışların, seminarların, məhkəmə iclaslarının, müsahibələrin, və mühazirələrin səs yazılarından gedir. İstifadəçilər yüksək gəlir, karyera yüksəlişi və rahat iş qrafiki vədləri ilə şirnikləndirilir: tapşırıqlar günün istənilən vaxtında yerinə yetirilə bilər və insana lazım olan tək şey internetə çıxış və rus dilini bilməkdir.

Potensial qurbanları cəlb etmək üçün təcavüzkarlar veb saytda platforma istifadəçilərinin gün ərzində nə qədər qazandıqları barədə məlumat yerləşdirirlər - iddialara görə, bu məbləğ orta hesabla üç-dörd min rubl (60-80 manat) təşkil edir. Saytların birində bildirilib ki, xidmətin fəaliyyət göstərdiyi 4 ay ərzində orada təxminən 5 min nəfər qeydiyyatdan keçib və onlara ümumilikdə 200 min ABŞ dollarından çox pul ödənilib. Xarici valyutada konkret tapşırıq üçün ödənişlərin dəyəri də göstərilir. Bu, fırıldaqçıların avtomatik tərcümədən istifadə edərək və sayt məzmununun fərdi elementlərini dəyişdirərərk həmin sxemi bütün dünyada istifadə etməsinə işarə ola bilər.

Müəlliflər onu da qeyd edirlər ki, platformanın tərəfdaş sistemi var - dostları dəvət edə və onların qazanclarından faiz əldə etmək mümkündür. Bu, yəqin ki, istifadəçilərin kontaktları arasında fırıldaqçı bağlantıları yaymaq üçün lazımdır.
Qurbanın transkribasiyadan pul qazanmağa başlaması üçün portalda qeydiyyatdan keçməsi lazımdır. Bundan sonra o, platformaya giriş əldə edir. Burada təlimatlar və tez-tez verilən suallara cavablar var. Qeydiyyatdan sonra həqiqətən bir neçə audio treki deşifrə etmək və mətni yoxlamaya göndərmək təklif olunur. Amma sonra həmin şəxs qazandığını məbləği çıxarmaq istəyəndə xidmət hesabın yoxlamağı və az miqdarda pul yatırmağı tələb edir. Burada fırıldaq sxemi tamamlanır və qarşılığında heç bir pul ödənilmir.

“Təcavüzkarlar mütəmadi olaraq sxemləri yeniləyir, istifadəçilərin pul və məxfi məlumatlarını ələ keçirmək üçün yeni hekayələr hazırlayırlar. Eyni zamanda, biz fişinq və fırıldaq resurslarının keyfiyyətinin getdikcə artdığını görürük: məsələn, daha yaxşı tərtibat, dizayn, məzmun hətta adətən şəbəkədəki şübhəli təkliflərə skeptik yanaşanları belə çaşdıra bilər”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirir.

Təcavüzkarların tələsinə düşməmək üçün kibertəhlükəsizlik mütəxəssisləri tövsiyə edirlər:
• internetdə son dərəcə cəlbedici və səxavətli təkliflərə tənqidi yanaşın;
• dostlar tərəfindən göndərilmiş olsa belə, şübhəli mesajlardakı linklərə keçid etməyin;
• Kaspersky Premium kimi fişinq və ya fırıldaq resursuna keçidə mane olacaq etibarlı təhlükəsizlik həllindən istifadə edin.
Xəbəri paylaş