“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “İşğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərə dair hesabatın hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihəsinin icrasına başlayır.
Newscenter.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyind'n daxil olan xəbərə görə, layihənin məqsədi işğaldan azad olunmuş ərazilərdəki mina və PHS problemini beynəlxalq ictimaiyyətin, xüsusilə də beynəlxalq səviyyədə tanınan donorların diqqətinə çatdırmaq və onları Azərbaycandakı mina və PHS problemlərinin həll olunmasına cəlb etməkdir.
Layihə çərçivəsində hazırlanacaq hesabatda problemin miqyası, minaların təmizlənməsindəki nailiyyətlər və problemlər, mina təhlükəsinə qarşı maarifləndirmə proqramlarının effekttivliyi, insanların mina və PHS qurbanı olmasının səbəbləri, beynəlxalq birliyin Azərbaycandakı bu problemə münasibətinin göstərilməsi nəzərdə tutulub. Hesabatın ingilis dilində olan versiyası elektron poçt vasitəsilə təşkilatımızın üzv olduğu, 1997-ci ilin Nobel Sülh Mükafatını almış “Piyadalar Əleyhinə Minaların Qadağan Olunması uğrunda Beynəlxalq Kampaniya – Kasetli Silahlara qarşı Koalisiya” təşkilatına, bu təşkilatın dünyanın 100 ölkəsində əməkdaşlıq etdiyi 1400 QHT-yə şəbəkə e-maili vasitəsilə göndəriləcəkdir.
Hazırlanmış hesabat dünyada minalara və PHS qarşı aparılan fəaliyyətə dair mövcud olan “Landmine Monitor Report”, “Cluster Munitions Report”, “Mine Action Review” projektlərinin redaksiya heyətlərinə də göndəriləcək. Bundan başqa minalara qarşı fəaliyyətə görə Nobel Sülh Mükafatı almış xanım Jody Villiyamsın başçılıq etdiyi “Qadın Nobel Mükafatçılar” təşkilatına da hesabatın göndərilməsi nəzərdə tutulub.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin icra müddəti 3 aydır.
Anar