"Ermənistanda suyu bulandıranlar biri də 1998-2008-ci illər arasında ölkəsinin xarici işlər naziri olmuş Vardan Oskanyandır. O əlindən gələni edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasın və iki ölkə arasında sülh sazişi imzalamasın. Oskanyan radikal müxalifətə qoşulmayıb, hökumət əleyhinə mitinq və yürüşlərə qatılmır, o evindən məqalələr yayımlamaqla, açıqlama və müsahibələr verməklə baş nazir Nikol Paşinyana qarşı mübarizə aparmağa üstünlük verir".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, Vardan Oskanyan yeni təkliflə çıxış edib:
"O hökumətə “Dağlıq Qarabağ” üzrə müzakirəçi heyət yaratmağı məsləhət bilib. Oskanyanın fikrincə, belə bir qrup danışıqlarda cəmi 2-3 ay ərzində uğur qazana bilər. Oskanyan bu “qrupa” rəhbərlik edə biləcəyini deyib. Ancaq Oskanyan bunun üçün baş nazir Nikol Paşinyandan geniş səlahiyyət istəyib".
Elxan Şahinoğlu qeyd edib ki, Oskanyan xəyalpərəstdir:
"Birincisi, baş naziri daima satqınlıqda ittiham edən keçmiş diplomata Nikol Paşinyan niyə danışıqlar aparmaq üçün xüsusi səlahiyyət verməlidir? İkincisi, Oskanyana kim deyib ki, rəsmi Bakı “Dağlıq Qarabağla” bağlı İrəvanla danışıqlar aparmağa hazırdır? Üçüncüsü, Oskanyan mifik qrupun “danışıqlarda” uğur qazanacağının təminatının nəyə əsasən müəyyənləşdirib? İndi aydın olur ki, Vardan Oskanyanın nazir olduğu 10 ildə iki ölkə arasında danışıqlarda niyə irəliləyiş olmayıb. Görünür, Vardan Oskanyan həmin dövrdə də xəyalpərəst təkliflər irəli sürürdü.
Vardan Oskanyan tək Nikol Paşiyanı hədəf almayıb. Onun yeni hədəfi Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri xanım Kristina Kvin olub. Kristina Kvin Ermənistan İctimai Televiziyasına verdiyi son müsahibədə deyib ki, o Qarabağ ermənilərinin Azərbaycan tərkibində təhlükəsiz yaşayacaqlarına inanır. Səfirin bu açıqlaması Oskanyanı özündən çıxarıb. “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz” deyən Oskanyan bunu “əsaslandırmağa” çalışıb. Birisi Vardan Oskanyana izah etməlidir ki, onun “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz” açıqlaması yeni müharibə deməkdir və yeni müharibənin qalibi yenə eyni ölkə olacaq, ermənilər isə yeni itkilərlə üzləşməli olacaqlar".
Anar