"Bu gün Bakıda Qoşulmama Hərakatı üzv Dövlətlərin Koordinasiya Şurasının nazirlər toplantısı öz işinə başlayıb. Toplantıya bir çox ölkələrin xarici işlər naziri qatılıb. Həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian toplantıda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. O səfərlə bağlı öz tvitter hesabında, "Bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq" yazıb. Burdan belə anlaşılır ki, İranın xarici siyasətində Azərbaycana qarşı bir dəyişiklik, yumşalma və qonşuluq əlaqələrin davam etdirilməsi istiqamətində addımların atılması istəkləri gorünür".
Bu fikirləri Newscenter-az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, nazirin ölkəmizə səfərini qonşuluq siyasətini inkişaf etdirmək üçün fürsət adlandırması bizə bunu deməyə əsas verir:
"Bildiyimiz kimi rəsmi Tehran və Bakı arasında son zamanlar ciddi gərginliklər yaşanıb. Bu gərginlik müəyyən qədər səngisə də, bundan əvvəl yaşananlardan dolayı hər iki ölkə arasında münasibətlərin tam olaraq normallaşması bərpa edilməmiş qalmaqda idi.İranın xarici işlər naziri Abdullahianın Bakıya səfəri və səfərlə öncəsi qeydləri iki ölkə arasında əlaqələrin bərpası üçün özünün dediyi kimi fürsət olacaq".
Çingiz Şahbazi daha sonra bunları qeyd edib:
"Bu günlərdə İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olub. Dünyada gedən proseslər, siyasi qütbləşmələr, xüsusilə də Rusiya və Ukrayna müharibəsi fonunda ,ABŞ və Çin arasında gərginləşməkdə olan münasibətlərdən qaynaqlanan siyasi və iqtisadi baxımdan dunyada və regionumuzda baş verən hadisələr və bölgədə geosiyasi maraqlara malik olan olkələrin toqquşan maraqlarına nəzarəti saxlamaq məqsədilə bu yaxınlaşmaların və əlaqələrin bərpası hər iki ölkənin maraqlarına uyğundur.Hesab edirəm ki,bunu hər iki ölkədə görürlər və bu səbəbdən qarşılıqlı olaraq mühüm addımlar atılacaq".
Anar Əliyev