Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşağın yedizdirilməsi üçün müəssisədə işçiyə fasilələr necə verilir? -ÖZƏL

Uşağın yedizdirilməsi üçün müəssisədə işçiyə fasilələr necə verilir?


Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox hüquqi normativ aktlar yeniləndi, beynəlxalq standartlara, norma və prinsiplərə uyğunlaşdırıldı. Belə addımlardan biri də körpə uşağı ilə çalışan işçiyə işlədiyi müəssisədə əlavə imtiyazların verilməsidir. Məsələn, xanım işçi iş vaxtı uşağını yedizdirmək üçün əlavə vaxt imkanına malik olur. Bəs, görəsən bu məsələ hüquqi baxımdan necə tənzimlənir?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyib ki, Əmək Məcəlləsinin 244-cü maddəsinə əsasən yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir:

"Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı 1 saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır".

Vəkil deyir ki, qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər:

"Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır".

İnqilab Süleymanov
Xəbəri paylaş