Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan XİN Paşinyana cavab verib

Azərbaycan XİN Paşinyana cavab verib


Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 6 iyul tarixli iclasında Azərbaycan əleyhinə beynəlxalq ictimaiyyət arasında yanlış təəssürat yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır.

Newscenter-az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir.

Bildirilir ki, Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə və Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə uyğun olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə, ərazimizdə mövcud olan silahlı qüvvələrin Ermənistana məxsus olmadığına dair işğal dövründə səsləndirilən iddiaların təkrarlanması bu ölkənin yanlış siyasətdən əl çəkmədiyini göstərir.

Ermənistan Respublikasının Müdafiə Nazirliyinin komandanlığı altında fəaliyyət göstərən və Ermənistan məhkəmələri tərəfindən məhkum olunan hərbçilərin Ermənistana məxsus olmadığını iddia etmək heç bir məntiqə sığmır.

Vaxtilə Azərbaycanın ərazilərini işğal altında saxlamaqla və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə özünü blokadada saxlayan Ermənistanın Azərbaycanın kommunikasiyaların açılmasında maraqlı olmadığını iddia etməsi və Üçtərəfli bəyanata zidd olaraq Ermənistanın Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina etməsi Ermənistanın öhdəliklərini heçə saydığını nümayiş etdirir.

"Azərbaycana qarşı mina təhdidini təkzib edən Baş nazirə xatırlatmaq istərdik ki, məhz Ermənistan tərəfindən basdırılmış minalar 2020-ci il 44 günlük müharibədən sonra 300 nəfərdən çox azərbaycanlının mina qurbanına çevrilməsinə səbəb olub. Bununla yanaşı, Ermənistan tərəfindən uzun müddət mövcudluğu təkzib edilən və beynəlxalq təzyiqlərdən sonra təqdim olunan xəritələrin əksəriyyətinin faydasız olduğu və insanların həlak olduğu partlayışların 55%-dən çoxunun xəritələr təqdim edilməyən ərazilərdə baş verdiyi məlumdur.

Ermənistan tərəfi həqiqətən də sülhdə maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır", - məlumatda deyilir.

Mehman Mehdiyev
Xəbəri paylaş