Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran rəsmiləri regional məsələlərdə ölkəmizin əhəmiyyətini bir daha anlamış oldu -ÖZƏL

İran rəsmiləri regional məsələlərdə ölkəmizin əhəmiyyətini bir daha anlamış oldu


"Prezident İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclası üçün ölkəmizdə səfərdə olan İran xarici siyasət rəhbəri Hüseyn Əmir Abdullahiyanı qəbul etməsi məlum proseslərdən sonra ilk yüksək səviyyəli görüşdür".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Azərbaycanın ikinci Qarabağ müharibəsində parlaq qələbə qazanması cənub qonşumuz tərəfindən xüsusi qısqanclıqla qarşılandı və Tehran rəhbərliyi özünün düşmən meyllərini açıq şəkildə ifadə etməyə başladı:

"Çinin meqa layihəsi Orta Dəhlizin vacib komponenti və türk yolu kimi xarakterizə olunan Zəngəzur dəhlizi layihəsinə qarşı çıxan fars dövləti, layihə ətrafında narahatlıqlarını hərbi təhdidlər fonunda sərgiləməyə başladı və bu iki ölkə münasibətlərinə ciddi zərər vurdu. Səfirliyimizə edilən xain terror aktı isə gərginliyi pik həddə çatdırdı. Geosiyasi reallıqları nəzərə alaraq bunu deməkdə fayda var ki, İranın ölkəmizlə münasibətləri gərginləşdirməsi ən çox Tehranın əlehinə olan bir situasiyadır".

AVP rəsmisi deyib ki, Azərbaycan düşmənçiliyi fars dövlətini regionda heç bir əhəmiyyət kəsb etməyən, ölü dövlət imicinə sahib Ermənistanla yaxınlaşmağa sövq etdi və bunun əksinə olaraq Azərbaycan bu münasibətlərdən faydalanaraq ABŞ, İsrail, Britaniya kimi böyük güclərlə əlaqələrini daha da genişləndirdi:

"Təbii ki, ölkəmizlə təhdid dili ilə danışmağın fayda vermədiyini anlayan İran rəsmiləri regional məsələlərdə ölkəmizin əhəmiyyətini bir daha anlamış oldu ki, bu da cənab prezidentlə görüşü zamanı Hüseyn Əmir Abdullahiyanın fikirlərindən aydın sezilirdi. Öz növbəsində ölkə rəhbəri İran-Azərbaycan münasibətlərinin bərpa olunması istiqamətində ilk növbədə diplomatik nümayəndəliyimizə qarşı terror aktının lazımı səviyyədə araşdırılması, cinayətkarların cəzalandırılmasının vacibliyini vurğuladı".

Pərviz Mirizadə deyib ki, siyasətdə əbədi dostluq və əbədi düşmənçilik olmadığı üçün ölkəmizin cənub qonşumuzla indiki gərgin münasibətləri əbədi xarakter daşımayacaq, bu təbiidir:

"Lakin məlum görüşü də əsas gətirib münasibətlərin əvvəlki qaydaya dönəcəyinidə fikirləşmək absurd olar. Hər halda bu görüşü irəliyə doğru atılmış addım kimi qiymətləndirmək olar".

Anar Əliyev
Xəbəri paylaş