“Eqmont Qrupu”nun “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun 2023-cü il 4 iyul tarixində keçirilən iclasında namizədliyini irəli sürmüş üç nəfər arasından Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev sözügedən işçi qrupun rəhbəri vəzifəsinə seçilib.
Newscenter.az-a qurumun protokol və ictimai əlaqələr şöbəsind'n bildirilib ki, maliyyə monitorinqi orqanları (MMO) arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış “Eqmont Qrupu” beynəlxalq miqyasda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə hazırda 170 ölkənin üzv olduğu beynəlxalq təşkilatdır.
“Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu” MMO-lar tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində beynəlxalq standart və üzvlük meyarlarına uyğunluğu təmin edən strukturdur.
F. Əliyev əvvəlki illərdə sözügedən işçi qrupun sədr müavini vəzifəsində çalışıb. Onun sədr müavini kimi fəaliyyətinin yüksək qiymətləndirilməsi işçi qrupun rəhbəri seçilməsinə zəmin yaradıb. Bundan sonra F. Əliyev “Eqmont Qrupu” üçün strateji əhəmiyyət daşıyan məsələlərin əlaqələndirilməsi və üzvlük proseslərinə nəzarətin həyata keçirilməsində, eyni zamanda “Eqmont Qrupu”nun əsas icra orqanı olan Eqmont Komitəsinin üzvü seçilərək təşkilatın idarə olunmasında iştirak edəcək.
Anar Əliyev