İşğalçı Ermənistan beynəlxalq təşkilatların qəbul etdiyi qərarları yerinə yetirmirdi, regionda mövcud status-kvonu saxlamağa çalışırdı, sülh danışıqlarından yayınırdı. Bunlarla bir sırada işğal etdiyi ərazilərdən də, dövlət sərhədlərindən də iri miqyaslı təxribatlar törətmək, yeni ərazilər işğal etmək üçün hücumlar edirdi. Belə hücumlardan biri 2020-ci ilin 12 iyulunda Tovuz rayonu istiqamətindən dövlət sərhədimizdə oldu. İşğalçı Ermənistan müxtəlif çaplı silahlardan, artilleriya qurğularından istifadə etməklə hücuma keçdi. Azərbaycan Ordusunun hissələri düşmənin hücumunun qarşısını qətiyyətlə aldı. Bu döyüşlər Tovuz əməliyyatı kimi tarixləşdi.
Tovuz əməliyyatı altı gün davam etdi. Döyüşlərdə düşmən üstünlüyə nail ola bilmədi.
Tovuz döyüşlərində də ordunun gücü, ordunun gücü ilə bir sırada xalq-dövlət-ordu vəhdəti, bölünməzliyi döyüşlərin sonluğunu müəyyənləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi bir fikir (“Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”) Tovuz döyüşlərinin Azərbaycanın müharibə tarixində, ümumən dövlətçilik tarixində əhəmiyyətini müəyyənləşdirən kəlamdır.
Döyüşlərdə düşmənin 100-dən çox hərbi qulluqçusu, onlarla döyüş texnikası, artilleriya qurğusu məhv edildi. Həmin vaxtlarda Ermənistan qiyamdan, dövlət çevrilişindən, milli qarşıdurmalardan çəkinərək itkilərini ictimaiyyətdən gizlədirdi.
Döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhid oldu. Xalq şəhidlərini son mənzilə - əbədiyyətə böyük izdihamla yola saldı.
Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə başa çatdı. Bu tarixi qələbə həm də Azərbaycanın geosiyasi üstünlüyünün də təsdiqi oldu. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə üzvünün ədalət naminə Azərbaycanın mövqeyini müdafiə etməsi, Türkiyənin, Pakistanın, Ukraynanın, İtaliyanın Azərbaycanın işğala məruz qaldığını bildirməsi, Azərbaycana gərəkli dəstək verəcəyini bildirməsi işğalçınn siyasi nüfuzunun nə qədər cılızlaşdığının təsdiqi idi. Dünya dövlətlərinin Azərbaycanı bu səviyyədə dəstəkləməsi Ermənistanda qarışıqlıq yaratmağa başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyirdi: "Beləliklə, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm, Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil".
Tovuz əməliyyatı da 2016-cı ilin Aprel döyüşləri kimi ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını, döyüş əzmini, qələbə ruhunu yüksəltdi. Bu baxımdan Tovuz əməliyyatı İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin ilkinlərindən oldu.
Tovuz əməliyyatı da hərb tariximizdir, dövlətçilik tariximizdır.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı