Başıbəlalı Diasporamızın başına kimlər gəlibsə iş görmək əvəzinə görüntü yaratmağa cəhd ediblər.
Adamların işi xaricdə fəaliyyət göstərən təşkilatlarla, vətəndaşlarla əlaqələr qurub onların Azərbaycan dövlət qurumlarına sözlərini çatdırmaq, ehtiyac olarsa həmin təşkilatları və ya şəxslərə dəstək olaraq ölkəmizin xaricdə, beynəlxalq təsisatlarda, dövlət qurumları və ya lobbi dairələrində maraqlarının qorunmasına çalışmaqdır. Ciddi bir işlə məşğul olmalı olan Komitə düşüb "Şuşa turları" təşkil edir. Bu adamların xəbəri yoxdur ki, buna ehtiyac yoxdur? Xaricdə yaşayan diaspora fəalının 10 , 15 və ya 20 AZN pulu yoxdur ki, özünə bilet alıb normal şəkildə gedib Şuşaya səyahət eləsin? Nə vacibdir ki, dövlət büdcəsindən ayrılan pulları belə mənasız layihələrə xərcləyəsiz?
F. Muradovun məlumatı yoxdur deyək, ya da başı bu işlərdən çıxmır. Bu zatən artıq bəllidir. Ancaq yanında yörəsində bir normal , ağlı başında olan adam tapılmadı ki, deyə ki, Komitə bu işlərlə məşğul olmamalıdır. Komitənin Bakıda görəcəyi iş yoxdur. Məsələn Komitə bunu etmək əvəzinə xaricdə yaşayan soydaşlarımızla bağlı qanun layihəsinin qəbulu ilə bağlı müzakirələr, dəyirmi masalar təşkil edə bilərdi yaxud daha fərqli addımlar ata bilərdi. Xaricdə yaşayan soydaşlarımızın onların həllini gözlədikləri məsələlərlə bağlı sorğular təşkil edib onların Azərbaycan dövlətindən gözləntilərini dövlət qurumlarının qarşısında məsələ qaldırardı. 50-60 euro paylayıb aksiya keçirmək, xaricdə fəaliyyət göstərən təşkilatlara bəyanatlar yazdırıb "xala xətrin qalmasın" kimi fəaliyyətlərə son verməlidirlər. "Şuşa turu"-nu təşkil edirsə belə heç olmasa bu turu şəhid və qazi ailələri üçün təşkil etsin. Diasporanı ələ baxmaqdan xilas etmək lazımdır. Vətəndaş dövlətdən gözləntili olmamalıdır o xaricdə yaşayan öz dövləti üçün pul xərcləməyi də öyrənməlidir.
Rəşad Quliyev