"Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə üzərinə düşən humanitar missiyanı layiqincə yerinə yetirib. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərilib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Mənzər Ağabəyova Azərbaycanın sözügedən təşkilatdakı fəaliyyətindən danışarkən səsləndirib. O qeyd edib ki, Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri olub:
"Pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələr peyvəndlərin mütləq əksəriyyətindən istifadə edirdi. Buna görə də peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir".
Mənzər Ağabəyova qeyd edib ki, belə bir beynəlxalq təşkilata sədrlik edərkən, Azərbaycan dünyada baş verən hadisələrə obyektiv mövqe nümayiş etdirərək öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi:
"Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək".
Anar Əliyev