Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəmil Həsənli kimi siyasət “professor”ları

Cəmil Həsənli kimi siyasət “professor”ları


Mən “professor” Cəmil Həsənlinin bir neçə gün öncə 2023-cü ilin ilk 6 ayı ərzində fəaliyyətini dayandıran partiyalarla bağlı Facebook səhifəsində bölüşdüyü fikirlərini, şər-şəbədələrini oxudum və bu adamın həm alimliyinə, həm də müxalifət liderliyinə sadəcə və sadəcə heyrət etdim. Elə “professor” rütbəsini də məhz buna görə dırnaq arasında yazdım. Bu qədər bəsit mühakimə qabiliyyəti (oxu: qabiliyyətsizliyi) olan, dərin təhlilə deyil, trafaret və şablon düşüncələrə söykənən, marginallaşmış siyasi fərdlər kimi hamını ucdantutma qaralayan belə bir adama gerçəkdən professor deməyə adamın dili gəlmir. Mirzə Cəlil və yaxud, Mirzə Ələkbər Sabir sağ olsaydı, yəqin ki, belələrinə professor yox, alimi-biəməl deyərdi.

C.Həsənlinin bərbad alimliyi bir yana qalsın, üstəlik də qərəzliliyinin sərhədi yoxdur. Bu adam son aylarda bir sıra partiyaların niyə bağlanmasının səbəbini siyasi tarixdən xəbəri olan, özü də illərdir siyasi proseslərin içində olan bir şəxs kimi real, obyektiv amillərə əsaslanaraq izah etməli olduğu halda, əksinə, özünün ənənəvi radikal-inkarçı müxalifətçiliyinə və “Milli Şura”çı subyektivizminə vararaq, hakimiyyətin son illərdə aktiv surətdə yürütdüyü siyasi dialoq, yeni siyasi konfiqurasiya kursu ilə əlaqələndirməyə çalışır və deyir ki, “hakimiyyət 60-a yaxın partiyanı səfərbər edib dialoqa cəlb etdi, onlardan həftədə bir kollektiv bəyanatlar aldı, heç bir sosial bazası olmayan bu partiyaçıqlardan yeni konfiqurasiya düzəltdi, kəmali-ehtiramla onları avtobuza bindirib səyahətlərə apardı, indi də biletsiz sərnişinlər kimi qolarından tutub avtobuzdan bayıra atır”.

Bu “alim”in siyasi dərrakəsinin dayazlığı ilə bərabər, savadsız yazı üslubu da heyrət və təəccüb doğurur. Sitat gətirdiyim yuxarıdakı cümləsində “dünya şöhrətli professor”un yol verdiyi qrammatik səhvlər bu adamın dövlət dilimizə münasibətini də ortaya qoyur. Cəmil Həsənlinin məntiqsiz “məntiq”inə görə, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə - Ağdama, Zəngilana, Şuşaya baş tutan səfərləri siyasi hadisə yox, sadəcə səyahət imiş. Parlaq elmi zəka sahibi kimi bütləşdirilən, cəmiyyətə sırınan bu cür reklamlı-piarlı bir alimin bu səfərlərin Qarabağın işğaldan azad edilməsini həzm və qəbul etməyən qüvvələrə siyasi mesaj olduğunu görə bilməməsi, dərk etməməsi həqiqətən də təəccüb doğurur.

Mən əminəm ki, Cəmil Həsənlinin yerində hər hansı bir gerçək vətənpərvər alim olsaydı, iqtidar rəsmiləri ilə müxalif partiya sədrlərinin bir araya gəlib işğaldan azad olunmuş torpaqlarımıza birgə səfər etmələrini qeydsiz-şərtsiz olaraq dialoq və siyasi mədəniyyət nümunəsi kimi təqdim edərdi. Ancaq Cəmil Həsənlinin qərəzli mövqeyi isə ona sözügedən səfərləri dialoq və siyasi mədəniyyət, siyasi həmrəylik nümunəsi kimi görməkdə, təqdim etməkdə mane olur. Bu da onun bir alim kimi də, bir siyasətçi kimi də obyektivliyinin, ədalətliliyinin üzərindən qalın bir xətt çəkir.
Adı olub, özü mövcud olmayan “Milli Şura”nın hər şeyi qara rəngdə görməyə və qaranlıq kimi göstərməyə vərdiş etmiş rəhbərinin dialoq, konfiqurasiya və siyasi həmrəylik faktını heç cürə qəbul edə bilməməsi və birmənalı olaraq inkarçı mövqe tutması həm də ondan irəli gəlir ki, o və onun yandaşı – AXCP sədri Əli Kərimli son illərdə daim seyrçi mövqedən çıxış edib və dialoq prosesini boykot etməyə çalışıblar. Lakin bu cür qeyri-sağlam mövqe sonda onların özlərinin ölkənin real siyasi proseslərindən çıxdaş olunmalarına, “offsayd”da qalmalarına gətirib çıxarıb. Bu mənada, Cəmil Həsənli kimi siyasi korazehinlərin bu gün “bəs indi harada qaldı dialoq, konfiqurasiya və avtobus?” deyib, özlərinə əl qatmaları, yaxalarını cırmaları tamamilə yersiz görünür.

Cəmil Həsənli, onun öz təbirincə desək, “özünü buraxan” partiyaların təəssübkeşi, müftə vəkili obrazına girib timsah kimi saxta gözyaşları axıtmamalıdır. Bu “müdrik professor”un real tarixi-siyasi şəraitdən irəli gələrək fəaliyyətinə xitam verən partiyaların “müdafiəçi”si rolunda çıxış etməyə sadəcə və sadəcə mənəvi ixtiyarı yoxdur. 44 günlük Vətən müharibəsi zamanı ölkədəki siyasi partiya rəhbərləri Ermənistanın terror və işğalçı siyasətinə qarşı birgə bəyanat imzalayanda, siyasi qüvvələr Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Ordumuza dəstək nümayiş etdirəndə, Əli Kərimli ilə siyasi həmrəylik nümayiş etdirib öz yaxasını kənara çəkən, sözügedən birgə bəyanatı imzalamaqdan xaincəsinə imtina edən antimilli, satqın “professor”un indi də gəlib dialoqdan, siyasi konfiqurasiyadan dəm vurması və partiyaların təəssübkeşi obrazında çıxış etməsi siyasi riyakarlıqdan başqa bir şey deyil. Cəmil Həsənli bu cür riyakar hərəkətlərinə son qoymalıdır. Çünki fəaliyyətini dayandıran partiyalar ona belə bir mandat verməyiblər.
Bəlkə də Cəmil Həsənlini hardasa başa düşmək olar. Axı bu adam siyasi riyakarlığa vərdiş edib. Vaxtilə AXCP sədrinin müavini vəzifəsindən deputat mandatı naminə imtina edən, Milli Məclisin deputatı kimi hər cürə üstünlüklərdən yararlanan və deputat olduğu dövrdə siyasi buqələmunluq edərək, Ulu Öndər Heydər Əliyevə həsr olunan bir çox kitabların ön sözünü həvəslə yazan, lakin deputatlıq erası bitən kimi isə yenidən əski radikal müxalifətçilik düşərgəsinə geri qayıdan, müxalifət lideri “şinel”inə sığınan Cəmil Həsənli siyasi riyakarlıq davranışlarının ustasıdır.
Bu adam həm də eyni zamanda fürsətçidir. Burada söhbət əlbəttə ki, siyasi fürsətçilikdən gedir. Bu aralar fəaliyyətini dayandıran partiyaların sayının artması mövzu qıtlığından əziyyət çəkən qocaman “professor” üçün lap göydəndüşmə mövzudur. Adam bu mövzunu siyasi gündəmə daşımaqla öz aləmində sensasiya yaratmağa və yerlərdə sürünən siyasi reytinqini “diriltməyə” çalışır. Lakin əsl həqiqətdə isə Cəmilin bu cəhdi suyu bulandırmaqdan, nəlbəkidə “fırtına” yaratmaqdan başqa bir şey deyil.

Mənim bu alim-siyasətçiyə, yaşlı-başlı tarixçiyə bir tövsiyyəm, önərim var: Cəmil Həsənli özünü normal siyasətçi, adekvat siyasətçi, sivil siyasətçi hesab edirsə, partiyaların fəaliyyətlərinə xitam verilməsi barədə qərarlarına hörmətlə yanaşmalı və guya, onların haqq və hüquqlarını müdafiə edirmişcəsinə çıxış edərək siyasi spekulyasiyalara yol verməkdən əl çəkməlidir. Bu, həm də ona ömrünün ahıl çağlarında yaraşan ən yaxşı siyasi etika nümunəsi olardı.
Üzvlərinin sayı və nüfuz-reytinq göstəriciləri müxtəlif səviyyələrdə olan bir çox partiyalar bugünləri milli dövlətçiliyimizin təhlükəsizliyi naminə, ölkəmizə olan təhdidlərə qarşı milli birliyə və siyasi həmrəyliyə töhfə vermək niyyətilə fəaliyyətlərinə xitam vermək qərarına gəlirlərsə, cəmillərin, əlilərin, gültəkinlərin və başqalarının da vəzifəsi onların qərarlarına sayğı duymaqdır, anlayış göstərməkdir. Siyasi etikadan, siyasi mədəniyyətdən bixəbərsinizsə, hələ də gec deyil, zəhmət çəkin, gedin öyrənin. Bu və ya digər partiyanın fəaliyyətinə xitam verilməsi barədə qərarını təftiş etmək digər partiyalar üçün ayıbdır. Bu cür ən adi elementar həqiqəti dərk etmək üçün qocaman siyasətçi olmaq lazım deyil.

Cəmil Həsənli kimi siyasət “professor”ları, “bəs indi harada qaldı dialoq, konfiqurasiya və avtobus?” deyib siyasi mərsiyəxanlıqla məşğul olmaq və köhnə palan içi eşməklə məşğul olmaq əvəzinə, siyasi partiyalarının sayının azalmasının həm ölkənin siyasi mühiti üçün, həm də fəaliyyətini davam etdirəcək partiyaların elə özləri üçün də müsbət, faydalı tərəfləri barədə düşünməlidirlər. Dar düşüncə sahibi olan “müdrik alim” Cəmil Həsənliyə isə elə gəlir ki, guya, son vaxtlar partiyaların ard-arda fəaliyyətlərini dayandırmaları AXCP kimi radikal siyasi təşkilatların sıradan çıxarılmasına hesablanıb. Bu cür absurd fikir yalnız bəsit düşüncəli insanların ağlına gələ bilər.

Cəmil Həsənli proseslərə pozitiv yanaşa bilmir. Çünki onun içindəki yersiz nifrət və qərəz sağlam və işıqlı düşünməyə imkan vermir. Və bu cür qara düşüncəli siyasət piyadaları adətən, elə öz daxili qaranlığının dərinliklərində boğulub məhv olur, siyasət meydanını birdəfəlik tərk edirlər. Odur ki, sizi öz qaranlıq bataqlığınızla baş-başa buraxırıq, Cəmil müəllim!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş