Bilmirəm nədənsə, həmişə müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis adamlar, daha doğrusu yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir: Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir. Bu müdrik kəlamları elə-belə, sözgəlişi xatırlamadım. Yazımın konkret ünvanı var. İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm. O insanın ki, amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır. Bu, sözü, fikri, əməli xeyirlə yoğrulmuş, özü şəxsiyyət zirvəsinə ucalan bu gün cənab Prezidentimiz İlham Əliyevin Sərancamı ilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin edilmiş Mirsaleh Seyidovdur.
Ömrünü xeyriyyəçiliyə həsr edən, sözü ilə əməli həmahəng olan, gənc olmaqla müdrik olan cənab Nazir müavini, Dövlət qarşısındakı xidmətlərinə görə eyni zamanda hüquqmühafizə orqanlarında qulluq keçərkən fərqləndiyinə və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştirakına görə 2018-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla "Dövlət qulluğunda fərqlənməyə görə” medalla təltif olunmuşdur.
Aldığı mükafatı qəsdən qeyd etmədim. Dövlət qulluğunda fərqlənməyə görə sözü çox böyük məfhumdu və çox möhtəşəm səslənir. Hər adama belə mükafat nəsib olmur. Əslində elə hər adam da Vətənə bütün varlığı ilə, canı, qanı ilə bağlı olub ləyaqətlə xidmət göstərmir. Ancaq cənab Nazir müavini Mirsaleh Seyidov bütün bacarığını, zəkasını, biliyini sərf edir ki, Vətəni daha da gözəlləşsin, firavanlaşsın. İnsanları xoşbəxt yaşasın. O, payız aylarında doğulub. Ruzi bərəkətlə dolu bir ayda yurdumuza qədəm qoyduğu vaxtda - 23 sentyabrda Seyid ocağında dünyaya göz açıb. Payızda həyat sanki dirçəlir, qaynayır, torpaq bərəkətli olur, ağaclar qızıl dona geyinir, insanlarda qurub-yaratmaq eşqi artır. Bəlkə də cənab Nazir müavini Mirsaleh müəllimin təbiətindəki qurub-yaratmaq həvəsi elə payızdakı bərəkətin təsirindəndi. İnsanlara sevgi ilə, mərhəmətlə yanaşmağı var, xeyirxahlıq etməyi xoşlayır. Ümumiyyətlə xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl onun əxlaq kodeksinə çevirilib. Bu gün xidmətimizdə adını hamının hörmətlə çəkdiyi cənab Nazir müavini Mirsaleh Seyidov çalışdığı ilk gündən insanların sevimlisinə çevrilmişdi. Böyük bir kollektivin rəhbəri kimidə ürəkləri fəth etməkdə davam edir. Cənab Nazir müavini rəisi olduğu bütün Penitensiar xidmətin əməkdaşlarının ümid yeridir. Təbii ki, bu, heç də səbəbsiz deyil, onun son illərdəki fəaliyyətinə diqqət yetirdikdə görünür ki, seçdiyi yolun xətti yalnız Azərbaycan insanına, Azərbaycan vətəndaşına xidmətdir. O, əməkdaşlarla hər görüşlərdə hər bir əməkdaşın problemlərinin həllini özü üçün prioritet seçib. Məhz Onun köməkliyi nəticəsində mən bu gün xidmətdə ümid yeri olaraq rəhbərimə sədaqətlə xidmətimi davam etdirirəm.
Fürsətdən istifadə edərək cənab Nazir müavinin öz adımdan və ailəmiz adından yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edirəm, Uca Allahdan uzun və bərəkətli ömür, can sağlığı, çətin və şərəfli işində Azərbaycan dövlətçiliyi naminə uğurlar arzulayıram.
Əli İbrahimov