Ötən gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, Şavkat Mirziyoyev inamlı qələbə qazanaraq yenidən dövlət başçısı seçilib. Bəs, özbək xalqı hansı keyfiyyətlərinə görə, Mirziyoyevə yenidən etimad gööstərdi?
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yusif Bağırzadə deyib ki, Şavkat Mirziyoyev prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkəsini müasirləşdirməyi, onun tərəqqisi üçün əlverişli şərait yaratmağı qarşısına vəzifə qoyub:
“Hətta bu məqsədlə 2017–2021-ci illərdə beş prioritet istiqamət üzrə Fəaliyyət Strategiyasını həyata keçirib. Bunlar dövlət və cəmiyyət quruculuğu sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin edilməsi və məhkəmə-hüquq sisteminin daha da islahatı, iqtisadiyyatın inkişaf etdirilməsi və liberallaşdırılması, sosial sahə, təhlükəsizliyin, millətlərarası harmoniyanın və dini tolerantlığın təmin edilməsi, o cümlədən balanslaşdırılmış, qarşılıqlı faydalı və konstruktiv xarici siyasətin həyata keçirilməsidir. Açıq demək lazımdır ki, indiyədək davam edən genişmiqyaslı və sistemli demokratik islahatlar geridönməz xarakter alıb. Hazırda Şavkat Mirziyoyevin rəhbərliyi altında Yeni Özbəkistanın İnkişaf Strategiyası həyata keçirilir. Bu strategiyada əsas yeri milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hər bir vətəndaşının qanuni mənafelərini və rifahını təmin edən xalq və humanist dövlət quruculuğu vəzifələri tutur. Bundan əlaqvə milli iqtisadiyyatın inkişaf sürətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər özəl sektorun stimullaşdırılmasında, özəl sektorun iqtisadiyyatdakı xüsusi çəkisinin artırılmasında, eləcə də birbaşa xarici investisiyaları cəlb etməklə adambaşına düşən ümumi daxili məhsulun artımının təmin edilməsində mühüm rol oynayır”.
Yusif Bağırzadə deyib ki, 2016-cı ildən həyata keçirilməyə başlayan iqtisadi islahatların yeni mərhələsi nəticəsində valyuta məzənnələrinin unifikasiyası, valyuta bazarının liberallaşdırılması, malların transsərhəd keçidi yolunda inzibati maneələrin aradan qaldırılması və gömrük ödənişlərinin azaldılması, həmçinin bank sektorunun və pul dövriyyəsinin islahatı, vergi islahatı, biznesin aparılması üçün inzibati xərclərin azaldılması, aqrar sektorun bütün sahələrində islahatların aparılması təmin edilib.
Natiq Orucov