“Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingenti həddini aşır. Bu günlərdə sülhməramlılardan birinin Laçın sərhəd buraxılış məntəqəsi yaxınlığında dalğalanan Azərbaycan bayrağını dirəkdən çıxararaq yerə atması bunun əyani sübutudur”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, sülhməramlı kontingentə məxsus hərbiçinin Azərbaycan bayrağını dirəkdən yerə atması bayrağımızla yanaşı, ölkəmizin də təhqir olunması, qürurunun aşağılanması deməkdir:
“Hesab edirəm ki, rəsmi Bakı bu xoşagəlməz, Azərbaycanın təhqir olunmasına hesablanmış hərəkətə görə Rusiya, bu ölkənin Müdafiə Nazirliyi qarşısında ciddi məsələ qaldırmalı, ilk növbədə həmin hərbiçi Azərbaycan ərazisindən rədd edilməlidir"- deyən, Arzuman Muradlı fikirlərinə belə davam edib:
“Eyni zamanda sülhməramlıların bundan sonra ən xırda belə qanunsuzluğa yol verməməsi üçün Rusiyadan, konkret olaraq bu ölkənin Müdafiə Nazirliyindən zəmanət alınmalıdır. Bir daha belə oxşar hal və hərəkətlər baş verəcəyi təqdirdə isə birmənalı olaraq sülhməramlı kontingentin Azərbaycan ərazisindən çıxarılması tələbi ortaya qoyulmalı və icra edilməlidir”.
Anar Əliyev