Türkiyə yenidən Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll edilməsi istiqamətində diplomatik fəaliyyətdədir. Düzdür, bu aralar Ankara tərəfindən atılan addımlar Moskvanı razı salmasa da, ümumən Ankaranın Moskva və Kiyev arasındakı vasitəçiliyinin müsbət sonluqla nəticələnəcəyinə olan ümidlər də az deyil. Elə politoloq Elxan Şükürlü də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Elxan Şükürlünün sözlərinə görə, hər şey Kreml rəhbəri Vladimir Putinin Türkiyəyə səfərindən sonra aydınlaşacaq:
"Əgər Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə avqust ayında planlaşdırılan səfəri baş tutacaqsa və bu müddətədək real döyüş meydanında Ukraynanın əks-hücumlarının nəticəsi də bəlli olacaqsa, böyük ehtimalla, bu görüş Rusiya-Ukrayna münasibətlərinin Türkiyənin vasitəçiliyi ilə sülh yoluyla çözülməsində yeni bir başlanğıc olacaq".
Politoloq hesab edir ki, lakin Ukraynada savaşın bitməsini istəməyənlərin Putinin Türkiyəyə səfərinə qədər yeni bir təxribat törədəcəyi də istisna deyil:
"Ötən ilin martında Türkiyə uğurla Rusiya-Ukrayna danışıqlarına vasitəçilik edirdi, ancaq bu savaşın bitməsini istəməyənlər Buçadakı məlum qırğını təşkil etməklə danışıqların pozulmasına nail oldular".
Anar Əliyev