Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BQXK Qarabağ ərazisində humanitar fəaliyyət pərdəsi altında qaçaqmalçılıq fəaliyyəti göstərir

BQXK Qarabağ ərazisində humanitar fəaliyyət pərdəsi altında qaçaqmalçılıq fəaliyyəti göstərir


Ermənistan Respublikası ilə dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb. BQXK-nın maşınları müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Amma görünən odur ki, BQXK Qarabağ ərazisində humanitar fəaliyyət pərdəsi altında qaçaqmalçılıq fəaliyyəti göstərir. Bu, yolverilməzdir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin araşdırmaları bu qurumun işində ciddi qanun pozuntuları aşkarlayıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib.

“Kim zəmanət verə bilər ki, uzun müddətdir qaçaqmalçılıqla məşğul olan Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ermənistandan Qarabağa silah-sursat da daşınmayıb. Acınacaqlısı da budur ki, bunlar ölkəmizin ərazisinə qeyri-qanuni şəkildə və gömrük rüsumu ödənilmədən gətirilir. Sual yaranır ki, BQXK-nın Bakı ofisi mövcud olduğu halda, onun Qarabağ bölgəsində fəaliyyəti nəyə lazımdır. Humanitar qurumun işğaldan azad edilmiş ərazilərdə fəaliyyəti qeyri-legitim sayılır. Onun fəaliyyəti nə Azərbaycan, nə də beynəlxalq qanunlarla tənzimlənir. Bir amili də qeyd edək ki, hazırda BQXK-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin vətəndaşları vardır”, - deyə İ.Məmmədov qeyd edib.

Bu qurumun 44 günlük Vətən müharibəsi dövründə də ölkəmizə qarşı mənfi mövqe tutduğunu diqqətə çatdıran deputat bildirib ki, Ermənistanın maraqlarından çıxış edən BQXK-nın nümayəndələrinin hərbi məlumatlar toplaması və düşmən tərəfə ötürmələri barədə ciddi şübhələr mövcuddur.

“Humanitar təşkilata dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi olmayıb. Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözmək niyyətində deyil və vəziyyətə uyğun olaraq lazımi addımlar atmağa məcburdur”, - deyən İqbal Məmmədov fikirlərini yekunlaşdırıb.(azertag)
Xəbəri paylaş