İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Newscenter.az-a nazirlikdən bildirilib ki, görüşdə ölkəmizin sosial-iqtisadi hədəflərinə nail olması üçün BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.
Vurğulanıb ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə BMT qarşısında götürülmüş öhdəliklərin həyata keçirilməsi dövlətin sosial-iqtisadi siyasətinin mühüm elementlərindəndir. Bu baxımdan, ölkədə müvafiq dövlət proqramları və strategiyalar DİM-lərə uyğunlaşdırılıb. BMT ilə 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb və hazırda icra olunur. DİM-lərə nail olmaq məqsədilə həyata keçirilən tədbirlərin sürətləndirilməsi önəm kəsb edir. Görüşdə Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasından irəli gələn istiqamətlərə uyğun olaraq növbəti illərdə ölkəmizdə DİM üzrə dialoqların təşkili məsələsi də nəzərdən keçirilib.
Tərəflər BMT ilə səmərəli əməkdaşlıq, təşkilatın Baş Assambleyasının 78-ci sessiyasında baş tutacaq DİM Sammiti, 3-cü DİM Dialoqunun keçirilməsinə dair müzakirələr aparıblar.
R.Mehdiyeva