“Cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Cənab Prezidentin geniş və əhatəli çıxışından bir daha aydın oldu ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət düzgün istiqamətdədir və bu əldə edilən nəticələr də məhz uğurlu siyasətin təcəssümüdür”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə barədə fikirlərini bölüşərkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, cari ilin 6 ayında əldə edilən nəticələr bu ilin sosial-iqtisadi baxımdan Azərbaycan üçün uğurlu olacağını deməyə əsas verir:
“Cənab Prezidentin müşavirədə geniş və proqram xarakterli çıxışından aydın oldu ki, ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da inkişaf edir və qeyri-neft sektorunun sənaye sahəsində artım müşahidə olunur. Statistikaya əsasən, cari ilin 6 ayında ölkədə qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru isə 3 faizdən çox artıb”.
Millət vəkili onu da deyib ki, hazırda Azərbaycan dünyada ən az xarici borcu olan ölkələr sırasında yer alıb:
“Bu gün Azərbaycanın cəmi 6,7 milyard dollarlıq xarici borcu var ki, bu da ÜDM-in 10 faizini təşkil edir. Azərbaycanın xarici ticarət balansında 10 milyard dollarlıq müsbət saldo qeydə alınıb ki, bu da kifayət qədər müsbət göstəricidir”.
Yaxın və uzaq ölkələrə nisbətən milli valyutanın məzənnəsinin sabit qalmasına xüsusi diqqət çəkən millət vəkili deyib ki, manatın məzənnəsinin 6 il müddətində sabit qalması halına dünya praktikasında nadir hallarda rast gəlinir:
“İstər Rusiya, istər İran, istərsə də qardaş Türkiyədə milli valyutaların Amerika dollar qarşısında nə qədər dəyər itirdiyinin canlı şahidiyik. Azərbaycanda isə 6 ildir ki, manatın məzənnəsi sabit olaraq qalır. Bu da kifayət qədər müsbət tendensiyadır”.
İqbal Məmmədovun sözlərinə görə, 6 ay ərzində sosial-iqtisadi sahədə əldə edilən uğurlar, qeydə alınan müsbət dinamika bizə Qarabağda quruculuq-abadlıq işlərini daha da sürətləndirmək üçün imkanlar yaradır:
“Bildiyiniz kimi, Azərbaycanın bütün gücünü və resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edib. Müharibə bitdikdən sonrakı iki il yarım ərzində görülən işlərin miqyası da bunu deməyə əsas verir. Azərbaycanın öz gücünə, heç bir yerdən yardım almadan Böyük Qayıdış Proqramını uğurla icra edir. Artıq işğaldan azad olunmuş ərazilərə əhalinin tədricən, mərhələli şəkildə qayıtması həyata keçirilir. Cari ilin 6 ayında əldə edilən müsbət nəticələr qarşıdakı müddətdə Qarabağın və Şərqi Zəngəzurun bərpasının sürətlənməsinə yol açacaq”.
Anar Əliyev